Gündəm Özəl

Vüqar Bayramov: “Böyük Qələbədə Bakı neftinin töhfəsi əvəzsizdir”

Vüqar Bayramov: “Böyük Qələbədə Bakı neftinin töhfəsi əvəzsizdir”

İkinci dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.

Xalqımızın arxa cəbhədə də misilsiz əmək hünərləri göstərdiyini vurğulayan Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Böyük Qələbədə Bakı neftinin töhfəsi xüsusən əvəzsizdir:

“Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətin idi. Buna görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan faşizm üzərində qələbəyə xüsusi töhfə verən ölkələrdəndir:

“Sirr deyil ki, müharibə dövründə Bakı keçmiş SSRİ-yə neftinin 70 faizini verirdi. Savaşın 1942-ci ilin ortalarında Şimali Qafqaza çatması və Qroznı neftinin keçmiş sovet ordusu nəzarətindən çıxması Azərbaycan neftini müharibənin gedişində həlledici etdi. Baltik dənizindən Qara dənizədək uzanan cəbhədə bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan göndərirdi. Rusiya-Ukrayna müharibəsindən sonra İkinci Dünya Savaşına Avropada və eləcə də bölgəmizdə yanaşma dəyişsə də, həmin müharibədə canlarını fəda edən 300 mindən çox Azərbaycanlıya Allahdan rəhmət diləyir və ölkəmizin hər zaman qələbələri qeyd etməsini arzulayırıq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az