Xəbər verdiyimiz kimi, ötən gün təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində çıxışı zamanı Azərbaycan dilində tədris verməyən özəl məktəblərin lisenziyaları geri alına biləcəyini deyib. Nazir bildirib ki, məktəbi bitirən hər bir Azərbaycan vətəndaşı qəbul imtahanı zamanı mütləq şəkildə dövlət dilindən imtahan verməlidir. Onun sözlərinə görə, Bakıda bəzi ingilisdilli özəl məktəblər var ki, orada mütləq şəkildə Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı ana dilində Azərbaycan vətəndaşlarına tədris edilməlidir və əks halda həmin məktəblərin lisenziyaları geri alınmalıdır.
Məsələyə münasibət bildirən tanınmış jurnalist Azər Həsrət Demokrat.az-a açıqlamasında ölkə daxilində digər dillərdə təhsil alanların mütləq şəkildə Azərbaycan tarixini, dilini, ədəbiyyatını yüksək səviyyədə öyrənməsinin vacib olduğunu vurğulayıb. Ekspertin sözlərinə görə, əgər tədris ingilis dilində aparılırsa, bu, o demək deyil ki, orada oxuyanlar Azərbaycanın dövlət dilini, eyni zamanda Azərbaycan elmini arxa plana itələməlidir:
“Bu, acı reallıqdır ki, bu gün ingilis dilində tədris olunan məktəblərdə Böyük Britaniyanın tarixinə, coğrafiyasına üstünlük verirlər. Həmçinin, həmin ölkələrin adət-ənənələri, mədəniyyəti, bayramları ön plana çəkilir. Azərbaycan dövlətinə və millətinə aid atributlar isə arxa plana keçirilir. Bunlara əsla yol verilməməlidir! Bu, çox ciddi və mənfi haldır. Eyni zamanda, bu hallara rus dilli məktəblərdə də rast gəlinir. Tək bunlar deyil, Azərbaycanda farsdilli, ərəbdilli məktəblər də var ki, orada da bu qüsurlara yol verilir. Hesab edirəm ki, bunlara ciddi nəzarət olunmalıdır. Əlbəttə ki, qeyd edilən dillərin intensiv şəkildə öyrənilməsi müsbətdir. Amma tədris vəsaitlərinin həmin ölkələrdən gətirilməsini düzgün hesab etmirəm”.
Ekspert təklif edib ki, dərslər Azərbaycan dövlətinin hazırladığı və təsdiqlədiyi ədəbiyyatlarla keçirilməlidir: “Hesab edirəm ki, xarici dillərdə olan tədris vəsaitləri dövlətimiz tərəfindən hazırlanmalı və tariximiz, adət-ənənəmiz, mədəniyyətimiz gənclərimizin diqqətinə çatdırılmalıdır. Əlbəttə ki, dillə bağlı bəzi ədəbiyyatlar xarici ölkədən gətirilə bilər, amma onlara ciddi nəzarət olmaldır. Ancaq yaxşı olardı ki, dərs vəsaitləri dövlətimiz tərəfindən hazırlansın. Bir faktı qeyd edim ki, Rusiyadan gətirilən ədəbiyyatlarda Azərbaycan tarixi ilə bağlı ciddi təhriflərə yol verilib. Məsələn 1828-ci ildə Rusiya imperiyasının Azərbaycanın işğal etməsi ilə bağlı faktlar təhrif edilir. Uşaqlara öyrədilir ki, guya Azərbaycan Rusiyaya birləşdirildi. Necə birləşdirilə bilər? Axı bu, işğal və ilhaq idi. Bu kimi şeylərin qarşısı mütləq alınmaldır. Çünki bu kimi yanlışlar uşaqların beyninə yeridilir. Hesab edirəm ki, əcnəbi dillərdə tədris olunan məktəblərdəki vəsaitlərə nəzarətlər gücləndirilməli və Azərbaycan dili ön plana çəkilməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


