Kriminal Özəl

İmişlidə 33 yaşlı kişidən tanışına dəhşətli əməl — Təfərrüat

İmişlidə 33 yaşlı kişidən tanışına dəhşətli əməl — Təfərrüat

İmişli rayonunda 1989-cu il təvəllüdlü Şamil şəxsi münasibətlər zəminində tanışı Nemana xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 11-də, saat 23 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “köhnə dairə” adlanan yerdə baş verib.

Şamil şəxsi münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Nemana baş və bədən nahiyələrinə bir neçə dəfə təpiklə vurub.

İstintaq orqanı tərəfindən Şamilin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, tanışı Neman tüfeyli həyat tərzi yaşayan bir şəxsdir: “Neman küçələrdə yatır, mütəmadi olaraq spirtli içkilərdən istifadə edir və qarşısına çıxanlardan pul dilənir. Neman dəfələrlə məndən pul istəyib. Mən də ona yazığım gəldiyi üçün pul verirmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 11-də, saat 23 radələrində idarə etdiyi “VAZ-21064” markalı minik avtomobilinin yanacağı qurtardığı üçün İmişli şəhəri, H.Əliyev prospektində “köhnə dairə” adlanan yerdə dayanıb: “Avtomobilimdən yerə düşdüm və avtomobilin yanında durduğum vaxt Sabit adlı şəxs mənə yaxınlaşdı, siqaret istədi. Bu vaxt Neman da mənə yaxınlaşdı, dilənçilik edərək məndən iki manat istədi. Nemana pulumun olmadığını dedim. Aramızda mübahisə yarandı və mübahisə zamanı sonuncunu yerə yıxdim, təpiklə 3-4 dəfə bədən nahiyəsinə vurdum. Ona xəsarət yetirdim. Bundan sonra evimə getdim. Törətmiş olduğum cinayət əməlindən peşmanam”.

İmişli rayon Məhkəməsinin hökmü ilə Şamil 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təyin edilmiş cəza müddəti ərzində Şamilin T üzərinə hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb.

Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az