“Biz artıq Şuşa şəhərində yeni anbarların tikintisinə və şəhərdaxili şəbəkələrin bir hissəsinin yenilənməsinə başlayırıq”.
Demokrat.az xəbər verir ki, bu sözləri "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O qeyd edib ki, Şuşa magistral kəmərinin 6 kilometrlik hissəsi yenidən polad borularla tikilərək istismara verilib:
“Biz son bir il ərzində Şuşada bütün aylarda qiymətləndirmə işləri apardıq. Qiymətləndirmə zamanı məlum oldu ki, Şuşa şəhərində ilin iki fəslində su çatışmamazlığı ola bilər. Yəni, Şuşada qış aylarında bulaqlarda su dona bilər, yayda isə əksinə quraqlıq səbəbindən su azala bilər. Ona görə də, bununla bağlı işçi qrupu yaradıldı. Dövlət orqanları, fövqəladə, ekologiya və s. digər səlahiyyətli orqanlar orada təmsil olunur, yəni ilkin işçi layihəsi artıq hazırdır”.
Onun sözlərinə görə, yaxın müddətdə Daşaltı kəndində də su anbarı yaradılacaq: “Orada nasos stansiyası tikiləcək və 2, 6 km-lik təzyiqli magistral su xətti çəkiləcək. Bizim əsas hədəfimiz odur ki, Şuşa şəhərini 24 saat su ilə təmin edək. Qeyd edim ki, sovet dövründə Şuşa şəhərində su təchizatı fasiləli qrafiklə olub. Amma bizim planımız Şuşa şəhərində bütün ticarət, ictimai-iaşə, turizm və hər bir mülki obyekti 24 saat fasiləsiz su ilə təmin etməkdir”.
Zaur Demokrat.az


