Gündəm Özəl

“Rusiyadakı partlayışları ABŞ törədir” — Araz Əlizadə

“Rusiyadakı partlayışları ABŞ törədir” — Araz Əlizadə

Artıq bir neçə gündür ki, Rusiyanın bir sıra şəhərlərində partlayışlar, yanğınlar geniş vüsət alıb. Son günlər Ussuriyskdəki aviabazada partlayış, Belqorod, Bryansk neft bazalarında və Tverdəki Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib. Ötən gün Rusiyanın nəzarəti altında olan Dnestryanıda ard-arda partlayışlar olub. Maraqlıdır, Rusiyada bu partlayışları kim törədir?

Məsələ ilə bağlı Demokrat.az-a danışan Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə bildirib ki, Rusiyadakı partlayışları Ukrayna törədir:

“Yəni, Ukrayna dedikdə, ümumiyyətlə, ABŞ başa düşülməlidir. Çünki Ukrayna faktiki olaraq ABŞ-ın əlində oyuncaqdır. Rusiyada baş verən partlayışlar da Ukrayna ərazisindən idarə olunur. Burada isə yalnız bir məqsəd var: “Qalib olmaq!”. Çünki Ukrayna məğlub olsa, bu, ABŞ-ın məğlubiyyəti deməkdir. ABŞ-ın məğlubiyyəti isə bir qütblü dünyanın sonu deməkdir. Ona görə də, ABŞ da Rusiya kimi ölüm-dirim müharibəsindədir”.

Bu ardıcıl partlayışların nüvə müharibəsinə çevriləcəyi məsələsinə gəlincə, partiya sədri bildirib ki, bunun reallaşması mümkün deyil: “Nə Rusiya, nə də ki, ABŞ axmaq deyil ki, bunu etsinlər. Təbii ki, bu müharibədə Çin seyirci mövqedə durur, amma o da öz sözünə deyir. Rusiyaya qarşı sanksiyalara qoşulmur, çünki o, yaxşı bilir ki, ABŞ onun düşmənidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az