Bakı şəhəri Nizami rayonunun ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxsin peyda olması ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoruAnar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, özünü su idarəsinin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs Göygöl rayon sakini Rəfail Əsgərovdur.
“Həmin şəxs ötən ilin sentyabr ayında da eyni qanunsuz əməllərə yol verdiyi üçün paytaxtın Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək barəsində toplanan materiallar məhkəməyə təqdim edilmişdi.
Məhkəmənin qərarı ilə R.Əsgərov həmin vaxt iki ay müddətinə inzibati qaydada həbs edilmişdi. Görünür, o, təyin edilən cəzadan islah olmayaraq azadlığa çıxdıqdan sonra yenidən eyni qanunazid əməllərini təkrar həyata keçirməyə başlayıb”.
“Amma bir məqamı da vurğulayım ki, R.Əsgərovun sonuncu qanunsuz əməlləri ilə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə və ya ərazi üzrə digər polis orqanlarına hələlik rəsmi şikayət ərizəsi ilə müraciət edən olmayıb. Müraciət olunacağı təqdirdə əmin ola bilərsiniz ki, həmin şəxs qısa zamanda saxlanılaraq yenidən məsuliyyətə cəlb olunacaq”, - deyə Anar Qafarov bildirib.


