“Ermənistan həmişəki kimi təxribatçı, təcavüzkar ölkədir”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilməsi məsələsini şərh edərkən deyib. Deputat bununla Ermənistanın hansısa bir formada özünü ağır, məğlub durumdan qismən də olsa yüngülləşdirməyə çalışdığını qeyd edib:
“Bir tərəfdən Ermənistanın baş naziri Azərbaycanla sülhdən danışır və Brüsseldə sərhədlərin məyyənləşdirilməsi ilə bağlı razılıq əldə olunur. Lakin digər tərəfdən Azərbaycanla Ermənistan sərhəddində növbəti təxribat törədilir. Burada iki istiqamətdə fikir formalaşır.

Birincisi, Paşinyana tabe olmayan qüvvələr hər vasitə ilə Azərbaycana qarşı təxribatlarını davam etdirirlər. İkincisi isə Paşinyan yenə də riyakarlıq edir. Bir tərəfdən sülh masası arxasına əyləşir, digər tərəfdən də ölkəmizə qarşı təxribatlara əl atır. Bütövlükdə isə düşünürəm ki, bu təxribatlar hər hansı bir nəticəyə səbəb ola bilməz. Ermənistan hansısa bir formada çalışır ki, özünün ağır və məğlub durumunu qismən də olsa yüngülləşdirsin. Yaxud da ki, sülh masası arxasında hansısa bir dividentlərlə əyləşsin. Ancaq bütün bunlar üçün Ermənistanın heç bir imkanı mövcud deyil”.
Millət vəkilinin sözlərinə görə, iki ilə yaxın müddətdə qeyd olunan istiqamətdə Ermənistan dəfələrlə təxribatlara cəhd edib, amma heç nə əldə edə bilməyib:
“Paşinyanın özü elə təxribatçı mövqeyindən son anlara qədər çəkilmirdi. Sadəcə olaraq dərk etdi ki, onun manevr imkanı mövcud deyil. Anladı ki, Ermənistan necə ağır və məğlub durunmdadırsa, o durumda da qalacaq. Belə olan halda artıq sülhdən danışmağa başladı. Düşünürəm ki, Ermənistanın təxribatları həmişə olduğu kimi, onun özünə ağır və zərbəli olacaq. Çünki Azərbaycan bu təxribatların qarşısını almaq gücündədir. 2020-ci ilin sentyabrında biz göstərdik ki, təxribatların qarşısını almaqla yanaşı, birdəfəlik gələcək təxribat ehtimallarını da aradan qaldırmaq üçün addımlar ata bilərik. Bu halda Ermənistan daha da ağır vəziyyətə düşəcək”.
Aynurə Pənahqızı Demokrat.az


