Kriminal Özəl

Bakıda gecəyarısı narkomandan taksi sürücüsünə qarşı dəhşətli əməl — Təfərrüat

Bakıda gecəyarısı narkomandan taksi sürücüsünə qarşı dəhşətli əməl — Təfərrüat

Bakının Sabunçu rayonunda 1992-ci il təvəllüdlü şəxs narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan Alimə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 27 iyul 2021-ci ildə, gecə saat 4 radələrində Maştağa qəsəbəsində Mədəniyyət və İstirahət Parkının yanında baş verib.

Orada dayanmış taksi fəaliyyəti ilə məşğul olan və müştəri gözləyən Alim təqsirləndirilən şəxsdən oradan getməsini tələb etməsi səbəbindən aralarında mübahisə yaranıb.

Nəticədə təqsirləndirilən şəxs Alimə özündə olan bıçaqla xəsarət yetirib. Ümumilikdə 4 bıçaq xəsarəti alan Alimə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən təıqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verib və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul edib: “Daimi iş yerim olmayıb. Əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 185-ci (əmlakı talama) və 221-ci (xuliqanlıq) maddələri ilə məhkum olunmuşam. İyulun 27-də gecə saatlarında orada yaşayan tanışım ilə görüşmək üçün Maştağa qəsəbəsinə getdim. Həmin gün saat 4 radələrində Maştağa qəsəbəsində yerləşən Mədəniyyət və istirahət parkının yaxınlığında olarkən açıq göyərti piştaxtasının yaxınlığında dayandım. Oradan uzaqlaşmaq istədikdə yaxınlıqda olan tanımadığım 2 nəfər məni səslədi, kobud formada yanlarına çağırdı və oradan getməyimi tələb etdilər. Hətta onlardan biri ünvanıma nalayiq söz işlətdi. Həmin gün narkotik vasitə qəbul etmişdim və təsiri altında olmuşam. Ona görə də həmin şəxsin sözünə baxmayaraq heç yerə getmədim. Sonra həmin şəxs məni möhkəm itələdi və qaçıb oradan uzaqlaşmağa başladım. Həmin şəxs ardımca gələrək mənə çatdı. Yenidən məni itələyəndə əvvəlcə özüm, sonra isə həmin şəxs yıxıldı. Həmin şəxs məni vurmağa çalışdığı üçün üzərimdə olan qatlanan bıçaqla onu bir neçə dəfə vurdum. Həmin şəxsin məndən əl çəkdiyini gördükdə isə zərbələri dayandırdım və hər ikimiz ayrı istiqamətlərə qaçaraq hadisə yerindən uzaqlaşdıq. Avtobuslar işə başladıqdan sonra avtobusla yaşadığım evə gəldim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 6-da polislər tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib və cinayətin törədilməsində istifadə etdiyi bıçağı polisə təqdim edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Alimin sözlərinə görə, Mədəniyyət və istirahət parkının yanında taksi olaraq dayanıb: “Həmin vaxt tanışım Rahib də yanımda olub. Həmin vaxt qaranlıq olub. Bir nəfər əvvəllər tanımadığım şəxsin ətrafda gəzərək orada olan göyərti satışı ilə məşğul olan tanımadığım şəxsin piştaxtasına yaxınlaşaraq baxdığını gördüm. Həmin şəxsin hərəkətlərindən hiss etdim ki, sərxoşdur. Fikirləşdim ki, bu vaxt burada gəzən ya narkomandır, ya da hansısa alkoqolikdir və piştaxtada olan göyərtiləri mundarlaya bilər. Bu barədə Rahibə dedim. Rahib də mənimlə razılaşdı ki, həmin şəxsi qovmaq lazımdır. Bu səbəbdən Rahib həmin şəxsə yaxınlaşaraq oradan getməsini tələb etdi. Həmin şəxs isə Rahiblə razılaşmadı. Bu səbəbdən Rahib onu itələdi. Bundan sonra özüm həmin şəxsə yaxınlaşaraq buradan rədd olub getməsini bildirdim. Həmin şəxs isə sözümə baxmayaraq həmin yerdə qaldı. Fikirləşdim ki, doğurdan da həmin şəxs narkomandır və onu oradan qovmasam nəsə xəta baş verər. Ona görə də onu təqib etdim. Həmin şəxs qaçdıqda, mən də arxasınca qaçdım. Hər ikimiz yerə yıxıldıq. Bu zaman hiss etdim ki, həmin şəxs məni qarın, ayaq və qol nahiyələrimdən kəsici bir şeylə vurub. Daha sonra isə həmin şəxs qaçaraq getdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az