Tural Abbaslı: "Dəniz ətrafı hasarlar sökülməli və dəniz xalqa qaytarılmalıdır..."
“Dənizlərin hasarlanması ilə bağlı məsələ illərdir cəmiyyətdə müzakirə predmetidir və müxtəlif platformalarda bu problemlər səsləndirilib. Hətta, yanlış xatırlamıramsa, zamanında parlamentdə Zeynəb Xanlarova da bu problemi qaldırmışdı. Təbii ki, dəniz kənarı yerlərdə yaşayan insanlar da bununla bağlı istər yerli icra hakimiyyəti orqanlarına, istərsə də mərkəzi orqanlara kifayət qədər şikayətlər göndəriblər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bir sıra məmurlar tərəfindən dənizin hasarlanmasının heç də doğru addım olmadığını vurğulayıb: 
T.Abbaslı qeyd edib ki, dəniz ətrafı hasarlar sökülməli və dəniz xalqa qaytarılmalıdır:
“Necə ki, bu qanunvericilikdə belə nəzərdə tutulub. Yaxşı olar ki, qanunvericiliyi dəyişsinlər desinlər ki, dəniz ancaq ağ adamlarındır, vəzifəlilərindir, oliqarxlarındır və sadə vətəndaşlar dənizi görə bilməzlər. Yaxud da, dənizə vergi qoysunlar ki, kim dənizi görmək istəyir vergi ödəsin. Yəni, bunlardan nə desən olar. Amma, həqiqətə qaldıqda, qanunvericiliklə bu hasarların hamısı bir anın içində sökülməlidir. Hətta, bu hasarları çəkənlər də cərimələnməlidirlər. Öz hasarların söküntüsünü elə özlərinə daşıtdırmaq lazımdır”.
Aynurə Pənahqızı Demokrat.az


