Siyasət Özəl

“Prezidentin bütün diplomatik addımları zərgər dəqiqliyi ilə hesablanıb” — Elman Nəsirov

“Prezidentin bütün diplomatik addımları zərgər dəqiqliyi ilə hesablanıb” — Elman Nəsirov

“Bu gün cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən 4 il keçir.Prezident İlham Əliyevin rəhbərliyi altında son 4 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur. Dövlət başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəımə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, bu illər ərzində ölkə başçısının sayəsində Azərbaycanın həm daxili siyasəti, həm də xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənmişdir: “Prezident İlham Əliyevin bu illər ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir”. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır :

“Bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qaldılar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu”. E.Nəsirov hesab edir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılıb:

“Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı “Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir. Böyük fəxr hissi ilə onu da vurğulayaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə verilmədən işğaldan azad olundu. 8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı var: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda “prezident”, “ordu”, “xalq” sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir”. “Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar. Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Beləliklə, müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur. Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”- deyə deputat fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az