Müsahibə Özəl

Azərbaycanda modifikasiya olunmuş məhsullardan imtina mümkün deyil — MÜSAHİBƏ

Azərbaycanda modifikasiya olunmuş məhsullardan imtina mümkün deyil — MÜSAHİBƏ

İqtisadçı-ekspert Rəşad Həsənov Demokrat.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Rəşad müəllim, bu gün yerli bazarlarda GMO məhsullarına çox rast gəlinir. Bu məhsullardan tamamilə imtina etmək mümkündür?

- Geni modifikasiya olunmuş məhsullar birbaşa olaraq dünyada imtina olunmuş məhsul növlərinə aid deyil. Hətta, BMT-nin Ərzaq Təşkilatının bununla bağlı yanaşması var ki, bu gün heç ərzağın olmamasındansa, modifikasiya olunmuş məhsulların bazarda olması daha yaxşıdır.

- Nə üçün bu cür məhsulların bazarlarda olmasına ehtiyac duyulur?

- Çünki dünyanın müəyyən bölgələrində ciddi ərzaq qıtlığı və aclıq var. Bu aclıqla mübarizə çərçivəsində modifikasiya olunmuş məhsulların istehsal edilməsi qəbul olunur. Yəni, insanlara qida hansısa formada çatdırılır.

- İnsanlara seçim verilməsi daha düzgün olmazmı?

- Ümumiyyətlə, Avropa Birliyi ölkələrinin təcrübəsindən bundan istifadə olunur. Yəni, məhsulun üstündə onun modifikasiya olunması qeyd olunur. Bununla da, insanlara seçim verilir ki, bu məhsul geni modifikasiya olunmuş məhsuldur, yaxud da deyil. Belə olduğu təqdirdə artıq insanlar özləri seçim edirlər. Bu da daha ədalətli yanaşmadır ki, insanlar nəyi seçdikləri haqqında məlumatlıdırlar. - Daha çox hansı ölkələrdə bu seçimlərə rast gəlinir?

- Avropa Birliyi ölkələrində, o cümlədən Yaponiyada, Kanadada, ABŞ-da bu kimi təcrübələrdən geniş istifadə olunur.

- Azərbaycan modifikasiya olunmuş məhsullardan birmənalı şəkildə imtina edə bilərmi?

- Azərbaycanda birmənalı şəkildə modifikasiya olunmuş məhsullardan imtina edilməsi ilə bağlı mövqe ortaya qoymaq çox çətin məsələdir. Söhbət sadəcə Azərbaycanda istehsal olunan məhsullardan getmir. Bu ərzaq bazarlarında xaricdən gətirilmiş məhsullar vardır ki, modifikasiya olunub. Hətta, bu gün soyadan çox geniş istehsal olunur. Bir çox məhsulların istehsalında, quş ətinin, mal yeminin və s. bu kimi məhsulların hazırlanmasında dünyada soya istehsalının əhəmiyyətli hissəsi geni modifikasiya olunmuş texnoloji əsaslarla istifadə olunur. Biz də bu məhsulları yem olaraq alırıq və digər məhsulların istehsalında da xammal kimi istifadə edirik. Təbii ki, bunlar da həmin məhsulların keyfiyyətinə təsir göstərir. Bundan birmənalı qaçmaq o qədər asan deyil. Azərbaycanda buna nəzarət də o qədər böyük deyil. Daha yaxşı olar ki, buna həm şirkətlər qarşısında, həm də idxalçılar qarşısında tələb qoyulsun. Eyni zmaanda yerli istehsalçılar, bu istiqamətdə Qida Təhlükəsizliyi Agentliyi də müəyyən bir mexanizm hazırlayıb təklif etsin. Həmin məhsulların üzərində modifikassiya olunmaması ilə bağlı informasiya yerləşdirilsin.

- Niyə bu cür məhsullarda bazarda daha ucuz qiymətə təklif olunur?

- Məhsulun geninin modifikasiya olunmasında əsas məqsəd məhsuldarlığın dəfələrlə artırılmasıdır. Yəni deyək ki, hardasa normalda bir toyuq 1 kiloqram ət verirsə, modifikasiya olunmuş qida məhsullarında bu, 5-6 kiloqrama qədər artır. Yaxud da ki, digərlərində məhsuldarlıq artırsa, maya dəyəri aşağı düşür. Yəni, sürətli çəkinin alınmasına sərf olunan zaman artırsa, maya dəyəri aşağı düşür. Buna görə də modifikasiya olunmuş məhsulların bazarda da ucuz qiymətə təklif olunması mümkündür.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az