Karateçilərimiz Serbiyanın Subotiça şəhərində keçirilmiş Avropa çempionatında uğurlu nəticə qazanıb.
Demokrat.az xəbər verir ki, Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədovun rəhbərliyi ilə qitə çempionatına yollanan komandamız şəxsi döyüşlərdə yeniyetmə, gənc və böyüklər arasında 33 medala layiq görülüb.
İdmançılarımız şəxsi döyüşlər zamanı aktivinə 7 qızıl, 10 gümüş, 16 bürünc medal yazdırıb. Bununla da, yığmamız bütün yaş qruplarında mükafatçılar sırasında yer alıb. Komanda yarışında isə 4 mükafat qazanmağa müvəffəq olub.
Yığmanın aparıcı üzvlərindən, Mərkəzi Ordu İdman Klubunda hərbi xidmətini davam etdirən Elcan Məmmədrzayev kişilər arasında Avropa çempionu tituluna yiyələnib. O, böyüklərin mübarizəsində yeganə qızıl medalı qazanıb və buna görə əziyyət çəkən hər kəsə öz təşəkkürünü bildirib:
“Gənclər və İdman Nazirliyinə, şəxsən cənab nazirə təşəkkürümü bildirirəm. Hazırda hərbi xidmətimi Mərkəzi Ordu İdman Klubunda davam etdirməkdəyəm, bu səbəbdən şərait yaratdıqları üçün Müdafiə Nazirliyinə, şəxsən cənab nazirə, habelə Mərkəzi Ordu İdman Klubunun rəisinə minnətdarlığımı bildirirəm. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə öz təşəkkürümü bildirirəm. Federasiyama təşəkkürüm edirəm ki, idmançılara bu qədər diqqət yetirirlər. Buna görə, millət vəkili Azərbaycan Karate-Do Federasiyaları Assosisiyasının prezidenti Ülvi Quliyevə dərin minnətdarlığımı bildirirəm”. Gənclər arasında Kənan Babayev baş mükafata sahib çıxıb.Fidan Rüstəmova isə çempion olan yeganə qadın təmsilçimiz kimi fərqlənib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançılarımızı təqdim edirik:
Kənan Babayev (gənclər) Fidan Rüstəmova (yeniyetmələr) Elton Əliyev (yeniyetmələr) Mikayıl Nağıyev (yeniyetmələr) Məhyəddin Cəfərov (yeniyetmələr) Raul Əliyev (yeniyetmələr)
Seçməmiz komanda yarışlarında da onlara bəslənən etimadı doğruldub. Həm oğlanların yarışında, həm də qızların yarışında komandamız Avropa çempionu olublar.
Oğlanlar Kamil Kərimli Əbdürrəhman Əliyev Abbas Hacıyev Raul Əliyev
Qızlar Humay Həsənli Alika Semixova Səma İmanzadə Xədicə Vəlizadə
Böyüklərin yarışında qadınlardan ibarət kollektivimiz 2-ci, qarışıq komandamız isə 3-cü yerə çıxıb.
Qeyd edək ki, yığma komandamız Avropa Çempionatına 70 nəfərlik tam heyətlə yollanıb. Azərbaycanı yeniyetmə, gənc və böyüklər arasında yarışlarda təmsil edib.
Tarixi naliyyət əldə edən komandamız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında coşqu ilə qarşılanıb. 

















