Gündəm Özəl

Deputat: “Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir”

Deputat: “Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir”

“Sülh razılaşmasının əsas komponenti Azərbaycanın ərazi bütövlüyüdür”

Bunu deputat Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında deyib:

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Bəlli olduğu kimi Azərbaycan tərəfi regionda daimi sülhün əldə edilıməsi üçun konkret təkliflə, 5 bəndlik baza prinsipi ilə çıxış edib. Aprelin 6-da keçirilən və 4 saat yarımdan artıq davam edən Brüssel görüşünün yekununa dair bəyanata nəzər salanda biz görürük ki, orada elə məhz bu baza prinsipi müzakirə mövzusu olub. Bu isə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur”.

V. İskəndərov qeyd edib ki, Brüssel görüşü iki məqam baxımından da diqqəti çəkdi: “Bunlardan birincisi odur ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. İkinci məqam isə odur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Elə son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar da dövlət başçımızın dünyada böyük nüfuz sahibi olmasının sübutudur”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az