Gündəm Özəl

"Sülh danışıqları üçün hazırlıq işləri aparılır" — AÇIQLAMA

Sülh danışıqları üçün hazırlıq işləri aparılır — AÇIQLAMA

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ən mötəbər tribunalardan bilavasitə dövlətimizin və xalqımızın milli maraqları üçün istifadə edir. Brüssel görüşü də bunun bir nümunəsidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, Brüsseldə baş tutan üçtərəfli görüş bilavasitə ölkəmizin milli maraqlarına cavab verir:

“Şarl Mişelin səsləndirdiyi bəyanatda əks olunan fikirlər, ifadələr, eləcə də orada əksini tapan müddəalar bilavasitə ölkəmizin xeyrinədir. Bütün bunlar haqqın, ədalətin, sülhün bərpa olunmasına bir dəstəkdir. Sözsüz ki, bu, Azərbaycan Respulikası Prezidentinin düşünülmüş düzgün siyasətini və beynəlxalq aləmdə qazandığı bir nüfuzun nəticəsidir. Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında səsləndirdiyi fikirlər bir daha göstərir ki, artıq sülh danışıqlarına başlanılması üçün lazım olan zəmin var. Şarl Mişel öz bəyanatında bir daha səsləndirmişdir ki, bununla əlaqədar artıq hazırlıq işləri aparılır. Və bu məsələlər hər iki ölkənin xarici işlər nazirliyinə həvalə ediləcək. Əlbəttə ki, regiondan sülhün yaradılması, nəinki Azərbaycan-Ermənistan üçün, eləcə də Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın yaradılması üçün önəmlidir. Çünki son 30 ildə Ermənistanın təcavüzkarlığı nəticəsində Qafqaz xalqları ağır bəlalara düçar olub. Demək olar ki, bu münaqişə həm iqtisadi, həm mənəvi, həm də siyasi cəhətdən xalqlara çox böyük ziyan vurmuşdur. Ona görə də, sülh sazişinin bağlanmasına hazırlıq işlərinin görülməsi və Avropa İttifaqının bilavasitə buna dəstək verməsi sevindirici haldır və çox güman ki, sülhsevər xalqlar tərəfindən də bu yüksək qiymətləndirilir”.

Deputat əlavə edib ki, sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiya məsələləri, sərhədlərdəki mövcud vəziyyətin qorunması məsələsi öz əksini tapıb və bunun üçün də xüsusi komissiyanın hazırlanması çox önəmlidir:

“Sənəddə ATƏT-in Minsk qrupunun qeyd olunmaması, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi, Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və formatın yaradılmasına üstünlüyün verilməsi, eləcə də nəqliyyat kommunikasiyaların açılmasına razılığın əldə edilməsi çox vacib bir məsələdir. Azərbaycanın 5 bəndlik təkliflərinin dəyərləndirilməsi Azərbaycan diplomatiyasının və Azərbaycan Prezidentinin uğurudur. Ermənistan isə bilavasitə bu məsələləri həll etməyə məcburdur. Çünki bu, Azərbaycanın haqqıdır. Bu, beynəlxalq normalara uyğundur. Bu sülhsevər dövlətlər tərəfindən dəstəklənən prinsipdir. Çünki hər bir ölkənin sərhədləri məlum olmaldır. Onun ərazilərə toxunulmazlığı təmin edilməlidir. Bu görüş Rusiya- Azərbaycan-Ermənistan arasında imzalanmış bəyanatlarda əks olunann maddələrə, prinsiplərə əsaslanır. Demək olar ki, həmin prinsiplərdə Brüssel görüşündə də təsdiqini tapmışdır. Hər birimiz buna sevinirik və Azərbaycanın uğurları vətəndaşlarımızın yaxşı yaşaması, gələcək xoşbəxtliyi üçün çox dəyərlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az