“İçində plastiklə təmasda olan qida məhsulları yığışdırılmalıdır”.
Bunu Demokrat.az-a açıqlamasında qida texnoloqu Ağa Salamov deyib. Ekspert qeyd edib ki, sular belə plastik qablarda olmamalıdır:
“Hesab edirəm ki, uşaqlara şirniyyat alarkən valideynlər bir çox nüanslara diqqət yetirməlidilər. Bilirsiniz ki, bu yaxınlarda uşaqların sevdiyi “Kinder Surprise” adlı yumurta formalı şokoladlarda salmonella (təhlükəli qida infeksiyası) aşkarlandı. Düzdür, belə hala Azərbaycanda rast gəlinməyib, amma bu fakt özü-özlüyündə həmin qidalardan uzaq durmaq üçün bir siqnaldır. Bilirsiniz ki, “Kinder Surprise”n içində plastik bir qab olur. Bunun içində uşaqlar üçün həvəsləndirici oyuncaqlar çıxır. Təbii ki, bu marketinq baxımından düşünülmüş bir addımdır. Amma bu, toksin şəklində kimyəvi zəhərlənməni şokolada ötürür və bu da illərlə toksin şəklində uşaqların bədənində yığılaraq toplanr. Bunlar da gələcəkdə uşaqlarda bir çox xəstəlikləri törədir. Son zamanlar uşaqlarda unutqanlıq xəstəliyi yaranıb, hətta uşaqlar dərslərini oxumaqda çətinlik çəkirlər. Bütün bunlar da həmin kimyəvi maddələrin təsirindən qaynaqlanır”.

Qida texnoloqu qeyd edib ki, karbohidrat peçenyelər, cipsilər uşaqlar üçün çox ziyanlıdır: “Cipsidə ümumiyyətlə kartofdan əsər-əlamət yoxdur, başdan ayağa kraxmaldır. Onda istifadə olunan yağ da ziyanlıdır. Vaxtilə öz mətbəximizdə milli kurabiyəmiz, peçenyəmiz var idi ki, tam buğda unundan üyüdülmüşdü. Onları doşabla vermək uşaqlar üçün daha məqsədəuyğun hesab olunurdu. Onu da qeyd edim ki, marketlərdə satılan bu cür qidalar insan orqanizmində xərçəng hüceyrəsi əmələ gətirir. Yəni, orqanik məhsulların istehlakı daha məqbul hesab edilir”.
Mütəxəssis tövsiyə edir ki, şokolad alarkən onun tərkibinə diqqət yetirmək və təbii maddələr olan məhsullara üstünlük vermək lazımdır.
Aynurə Pənahqızı Demokrat.az


