Oruc tutan insanın orqanizmi 16 saata yaxın ac qalmağa öyrəşir. Bu səbəbdən iftar zamanı düzgün qidalanmalı, mədəmizi yükləməməliyik. Siqaret çəkən insanlar üçün oruc tutmaq iki qat çətinlik yaradır. Buna baxmayaraq nəfsinə qalib gələnlər kifayət qədərdir. Amma siqaret çəkən insanlar orucu su ilə açdıqdan sonra dərhal siqaret çəkirlər. Bu isə sağlamlıq üçün zərərlidir.
İlboyu siqaret asılılı sağlamlığa zərərli olsa da, məhz Ramazan ayında oruc tutan şəxslərin siqaret çəkməsi infarkt keçirmə riskini daha da artırır. Bunun səbəbi isə orqanizmin uzun müddətdən sonra anidən daha çox siqaret dumanına məruz qalmasıdır. Mütəxəssislər iftardan sonra çoxlu siqaret çəkməyin iflic, beyində qansızma, ritm pozuntusu kimi ciddi xəstəliklərə səbəb olduğunu bildirirlər.
Bu barədə kardioloq Günay Məmmədova Demokrat.az-a danışıb.:
“15-16 saat ərzində insan siqaretdən imtina edir. Bu zaman orqanizmdə nə baş verir oksigen səviyyəsi artır. İnsan özünü daha gümrah hiss edir. Birdən-birə ard-arda çəkilən siqaret orqanizmdə oksigen səviyyəsini kəskin aşağı salır, orqanizm buna böhran kimi yanaşır. Bir siqaretin tərkibində təxminən 0.5 milli qr nikotin var. Nikotinin də beyinə çatması üçün 15 saniyə vaxt lazımdır. Nikotinin yaratdığı fəsadlar spazm, orqanizmdə nikotin zəhərlənməsi baş verə bilər.”

Baş gicəllənmə halsızlıq, ürək bulanma, bağırsaq hərəkətlərində artış, qusma, ishal kimi vəziyyətlər nikotin zəhərlənməsinin əlamətləridir.
“Siqaret tüstüsündə karbon monoksid qazı vardır ki, bu da kəskin damar spazmı və bunun nəticəsində miokard infaktına gətirib çıxara bilər. Hətta ani təhlükəli aritmiyaya belə gətirib çıxardır. Uzun illər siqaret asılılığı olan insanların bunu birdən-birə tərgitməsi özbaşına mümkün deyil. Bir müddət sonra onlara mütəxəssis köməyi- psixoloji konsultasiyalar ehtiyacı duyulur.”
Ramazan ayı pis vərdişlərdən əl çəkmək üçün çox gözəl fürsətdir. Bununla sağlamlığnızın qeydinə qalmış oluruq. Unutmayın ki, siqaretin yaratdığı xəstəliklər hər il 7 milyon çox insanın həyatına son qoyur.
Maya Həsənova Demokrat.az


