2016-cı ilin aprelində dörd gün davam edən “Aprel döyüşləri” zəfərə gedən yolumuzun başlanğıcıdır.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat vurğulayıb ki, “Aprel döyüşləri”ndə Azərbaycan ordusunun qazandığı tarixi qələbə, düşmənə endirilən ağır zərbə bir daha göstərdi ki, Azərbaycan ordusu güclüdür:
“Aprel qələbəsi bir daha göstərdi ki, Azərbaycan ordusu düşməni əyməyə, onu torpaqlarımızdan çıxarmağa qadirdir. Həmin döyüşlər zamanı bir çox strateji mövqelərin ələ keçirilməsi, düşməndən azad olunması, 2 min hektardan artıq sahənin təmizlənməsi bir daha sübut etdi ki, Azərbaycan ordusu öz zəfər yürüşünü davam etdirə bilər və düşməni tamamilə Azərbaycan torpaqlarından çıxara bilər. Dörd gün davam edən bu döyüşlər Azərbaycan xalqında, ordusunda, əsgər və zabitlərində qələbəyə çox böyük inam, çox böyük ruh yüksəkliyi yaratdı.

Əlbəttə ki, “Aprel döyüşləri” bizim şanlı tariximizdir. Bu tarix heç vaxt unudula bilməz. Çünki həmin günlər Azərbaycan ordusunun, Azərbaycan əsgər və zabitlərinin nəyə qadir olduğu, Azərbaycan ordusunun hansı silahlarla təchiz olunduğu bütün dünya bəyan etdi və göstərdi”.
Millət vəkili qeyd edib ki, “Aprel döyüşləri” sonrakı dövrlər üçün də həlledici əhəmiyyətə malik idi: “Bu döyüşlər bizim əsgər və zabitlərimizin ruh yüksəkliyinin bir daha təkrarlanmasının nümunəsi oldu. Biz “Aprel döyüşləri”ndə şəhid olanların xatirəsini daim əziz tuturuq və həmin günlər heç zaman unudulan deyil. Bugünkü zəfər günümüzlə fəxr edirik, onun əsasına qoyanlara isə yüksək minnətdarlığımızı bildiririk”.
Aynurə Pənahqızı Demokrat.az


