“Pandemiya ayrı-ayrı ölkələrdə səngisə də, hələlik müxtəlif ocaqlar qalmaqdadır”.
Bunu Demokrat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Ekspert əlavə edib ki, hazırda epidemioloji vəziyyəti proqnozlaşdırmaq çətindir:

“Pandemiyanın bitməsi haqqında Ümumdünya Səhiyyə Təşkilatının raportu yoxdur. Təbii ki, “Omicron” və sonrakı mutasiya ştammları heç də sonuncu deyil, mutasiyalar davam edir. Bu proses dünyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən ciddi şəkildə nəzarət altındadır. Ona görə də, hələlik pandemiyanın bitməsi haqqında danışmaq çox tezdir. Sadəcə olaraq Azərbaycanda artıq kollektiv immunitet formalaşıb. Çünki Omicron ştammının vaksindən daha çox effekti oldu. Əhalinin böyük əksəriyyəti istər vaksinasiya olunan, istərsə də xəstələnib saxlanılanlar buna yoluxdu. Yəni, bu, kollektiv immunitet immunitetin formalaşmasında ciddi rol oynadı. Hər halda epidemioloji vəziyyəti proqnozlaşdırmaq birmənalı çətindir. Çünki Çinin özündə yenidən alovlanma ocağı var və müəyyən karantin tədbirləri görülüb. Ona görə də, biz hələlik ehtiyatlı olmalıyıq və epidemioloji vəziyyətə uyğun da davranış sərgiləməliyik”.
Nəzrin Hüseynli Demokrat.az


