Gündəm Özəl

Deputat: “Dünya artıq buna göz yummamalıdır”

Deputat: “Dünya artıq buna göz yummamalıdır”

“Fərrux kəndi ərazisində insan qalıqlarının aşkarlanması Ermənistanın azərbaycanlılara qarşı törətdiyi növbəti bir cinayətin sübutudur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib. Deputat qeyd edib ki, erməni siyasi sistemi hər zaman şovinizm, irqçilik, ksenofobiya, prinsiplərinə əsaslanıb:

“Bu gün 31 Mart, Azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ildə bu tarixdə Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində və digər şəhərlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar, soyqırımlar törədilib. Bu da erməni siyasi sisteminin şovinizm, irqçilik, ksenofobiya prinsiplərinə əsaslanmasından irəli gəlir. Xocalı soyqırımı kimi dəhşətli soyqırım da bu xüsusi siyasətin tərkib hissəsi olub. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Çox təəssüf ki, indiyədək də, o ideologiya yaşayır. Bu dəqiqələrdə də Qaregin Njde onların qəhrəmanıdır. Onun haqqında filmlər çəkilir, onun heykəlləri qoyulur. Əlbəttə ki, biz bunları unutmamalıyıq”.

Millət vəkili xatırlatdı ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri Gəncədə, Bərdədə, Tərtərdə və digər şəhərlərdə insanları məqsədyönlü şəkildə raket hücumunun hədəfinə çevirmişdilər: “Biz bütün bunların şahidi olduq. İndi də işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bütün cinayətlərinin üstü açılır. Təbii ki, işğaldan azad olunan ərazilərimizdə bu kimi faktların yenə də şahidi olacağıq. Artıq biz bunu bütün dünyada, bütün platformalar üzərindən həm diplomatik, həm də hüquqi yollarla, həm də diaspora vasitəsilə dünya ictimaiyyətinə çatdırmalıyıq. Dünya artıq buna göz yummamalıdır və yuma da bilməz”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az