Gündəm Özəl

“Şeyx ağzını açmadığına görə, digərləri də bu məsələdə real bir söz demir” — ÖZƏL (VİDEO)

“Şeyx ağzını açmadığına görə, digərləri də bu məsələdə real bir söz demir” — ÖZƏL (VİDEO)

Artıq günlərdir ki, Rusiya-Ukrayna arasında müharibə gedir. Bu müddət ərzində bir çox ölkələrin dini rəhbərlərin müharibəni pislədiyinin şahidi olduq. Hətta, qonşu Gürcüstanda da, Türkiyədə də bunu gördük. Lakin ölkəmizdə QMİ sədri şeyxüislam Allahşükür Paşazadənin susqunluğu diqqət çəkir. Maraqlıdır, Allahşükür Paşazadə niyə Ukraynada dinc insanların rus ordusu tərəfindən öldürülməsini qınamır?

Məsələ ilə bağlı dinşünas Elşad Miri Demokrat.az-a danışıb:

“İlk olaraq qeyd edək ki, bu gün şeyx öz qeydinə qalır. Faktiki olaraq bilirsiniz ki, Ukrayna məsələsindən əvvəl Rusiya provaslav kilsəsinin rəhbəri olan Kirillə onun yaxın münasibətləri var, dəfələrlə dost olduqlarını bildiriblər və bunu hər dəfə gündəmə gətiriblər. Yəqin ki, Allahşükür Paşazadənin susqunluğu buna görədir. Bundan başqa, Rusiya tərəfindən şeyxüislama müəyyən ordenlər verilib, yəqin ki, həmin ordenlərə xəlil gəlməməsi üçün susur. Amma bir məsələyə diqqət yetirək. İranla bağlı hər hansı bir məsələ olduqda, şeyxüislam hətta ABŞ prezidentlərinə, Birləşmiş Millətlər Təşkilatına belə məktub yazırdı. Bəzən Allahşükür Paşazadənin Nobel Sülh Mükafatına layiq görülməsi ilə bağlı məsələlər də gündəmə gətirilirdi”.

“Şeyx ağzını açmadığına görə, digərləri də bu məsələdə real bir söz demir” — ÖZƏL (VİDEO)

E.Miri qeyd edib ki, şeyxin səssiz qalması bir tərəfdən də başa düşüləndir: “Hesab edirəm ki, o, bu gün Azərbaycanın siyasətinə zidd getməmək, yaxud da özünü təkrar burulğana atmamaq üçün bu addımı atır: “Digər tərəfdən də düşünür ki, belə bir məsələlərdə onun sözünün əhəmiyyəti onsuz da olmayacaq və özünü hər hansı bir formada təqdim etməsi mümkün deyil. Bilirsiniz ki, şeyxüislam İkinci Qarabağ müharibəsində Şuşa məsələsi ilə bağlı çıxış etmişdir. Şuşanın, Qarabağın işğaldan azad edilməsini İranın dini lideri Xameneinin fətvası ilə əlaqələndirilmişdir. Təbii ki, heç bir protokolda, heç bir görüşdə Şeyxüislami biz görə bilmədik. Sadəcə olaraq, Vatikana getməsini, Roma papası ilə görüşməsini, ölkə başçısının adına salam göndərməsini, yəni ancaq bunları görə bildik. Amma qonşu ölkələrə baxdığımız zaman görürük ki, onlar bu məsələlərdə öz fikirlərini konkret olaraq açıqlayıblar, öz düşüncələrini hətta cümə xütbələrində moizə şəklində bildiriblər”.

“Amma təəssüflər olsun ki, Azərbaycanda din xadimlərinin yanaşmaları da bu cürdür. Yəni, şeyx ağzını açmadığına görə, digərləri də bu məsələdə real bir söz demir. Amma Allah “Qurani-Kərim” də nə deyir? Deyir ki, yaxınlarınızın əleyhinə olsa belə, ədalətdən uzaqlaşmayın. Bu gün insanlarımız ədalətin, məzlumun yanında olmalıdır. Zülmə məruz qalanların yanında olub, dəstək olmalıdır, zalımlara isə “Qurani-Kərim” ifadəsi ilə heç bir şəkildə, heç bir halda meyil edilməməlidir,” – deyə ilahiyyatçı əlavə edib. Azərbaycan məscidlərindən Ukraynaya dəstək üçün yardım toplanılmasına ehtiyac varmı sualını ilahiyyatçı belə dəyərləndirdi: “Bilirsiniz ki, Azərbaycan xalqı sosial şəbəkələrdə bir araya gələrək Ukrayna səfirliyinə getdilər və orada kimin nəyə gücü çatırsa, səfirlik vasitəsilə öz dəstəklərini göstərdilər. Təkcə qonşu Türkiyənin özündə də müxtəlif vakflar, dərnəklər vasitəsilə yardımlar toplanılır və Ukraynada qaçqın düşən insanlara yardım edilir. Niyə Azərbaycan bunu etməsin? Niyə belə bir işdə Azərbaycan həqiqətən də müsəlman olaraq dəstək olmasın? Məzlum hər yerdə məzlumdur. Özüm dəfələrlə şahid olmuşam ki, müxtəlif ölkələrdə, hətta Afrikada Azərbaycanın yardım sevər insanları müəyyən su quyularının açılmasına şəxsən dəstək olublar. Bu gün Ukraynada, Ukraynadan kənarda milyonlarla sayda məzlumlar var. Onlara məscidlər vasitəsilə, yaxud da əlimizdə olan mövcud imkanlardan istifadə edərək yardım etməliyik. Bu, daha çox müsəlmanların özlərinin imicinə müsbət təsir edə biləcək bir məqam ola bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az