Xəbər verdiyimiz kimi, Azərbaycanın bir neçə media qurumuna Rusiyada blok qoyulub. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) saytların redaksiyasına heç bir məlumat, xəbərdarlıq etmədən bu addımı atıb. Təbii ki, atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur. Bəs, Azərbaycan buna adekvat cavab verməlidir?
Məsələ ilə bağlı Demokrat.az “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev fikirlərini öyrənib. Ekspert hesab edir ki, bu məsələdə ən düzgün variant, ən düzgün reaksiya Rusiyanın Azərbaycanda yayılan saytlarına blokun tətbiq edilməsi idi: “Digər ölkələrin təcrübəsində də bundan istifadə olunur. Əgər kütləvi informasiya vasitələrinə bu cür sanksiyalar tətbiq olunursa, bu cür maneələr yaradılırsa, o zaman sən də adekvat olaraq həmin həcmdə cavab tədbiri görməlisən. Amma nədənsə bizimkilər bu məsələdə biraz fərqli yolu seçdilər. Hətta, mənə elə gəlir ki, biraz da qəribə görünən yol seçdilər”.
Ekspert hesab edir ki, bu məsələ Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilməz: “Bu, iki ölkə arasında münasibətləri korlaya bilməz. Çünki bu, Azərbaycan tərəfindən atılmış addım deyil. Rusiya tərəfinin, dövlət orqanının atdığı addımdır. Hər halda bizim jurnalist təşkilatlarının qəribə müraciətində heç də tərifli ifadələr yox idi. Düzdür, bəzi kəskin ifadələr də var idi. Görünürdü ki, burada münasibətlərin korlanmasında təhlükə yoxdur. Ümumiyyətlə, rus mənbələri Azərbaycan üçün qat-qat geniş təhlükə yaradır. Xüsusilə nəzərə alaq ki, onlar sırf təbliğat mahiyyəti daşıyırlar. Ona görə də, mənə elə gəlir ki, bu bir fürsət idi. Onların yayımına da eyni cür məhdudiyyətlər burada tətbiq oluna bilərdi. O vaxtadək ki, həmin məhdudiyyətlər Azərbaycan kütləvi informasiya vasitələrinə qarşı qüvvədə qalacaq”.
Aynurə Pənahqızı Demokrat.az


