“2020-ci ildə Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ildir, işğal altında olan torpaqlarımızı azad etdik. Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı. Beləliklə, Ermənistan, Azərbaycan və Rusiyanın dövlət başçıları üçtərəfli bəyanatı imzaladı, Qarabağa sülhməramlı kontingent yerləşdirildi.
Bəyanatın 4-cü bəndində qeyd edilir ki, Azərbaycan torpaqlarından qanunsuz silahlı birləşmələr çıxarılmalıdır. İndiyədək bəyanatın bu bəndinə əməl edilməyib. Hazırda Azərbaycan ordusu dislokasiya yerlərini dəqiqləşdirirlər. Buna bizim haqqımız var. Martın 26-da Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada “Dağlıq Qarabağ” ifadəsi işlədilib. “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Deputat deyib ki, Rusiya Müdafiə Nazirliyi üzərinə düşən vəzifəni icra etməlidir, separatçılar Qarabağdan çıxarılmalıdır: “Prezident Vladimir Putinin də imzası olduğu üçtərəfli bəyanatın 4-cü bəndi icra edilməlidir. Azərbaycan Müdafiə Nazirliyi də mövqeyini açıqlayıb. Ərazilərimizdəki separatçılar çıxarılmalıdır. Rusiya Müdafiə Nazirliyinin açıqlaması Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsinə ziddir. Göründüyü kimi, üçtərəfli bəyanatın 4-cü bəndinin icrası elə Rusiya Müdafiə Nazirliyi tərəfindən ləngidilir. Qarabağ Azərbaycan ərazisidir, lazım olan prosedurlar həyata keçiriləcək”.
Demokrat.az


