“Rusiyanın Ukraynana qarşı həyata keçirdiyi işğalçılıq müharibəsinin gedişi və proqnozlar Rusiyanın ciddi iqtisadi-siyasi böhrana məruz qalacağını göstərir”.
Bunu Demokrat.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib. Politoloq qeyd edib ki, sona qədər dəqiqləşdirilmədən həyata keçirilmiş bu müharibə Rusiyanın bir dövlət olaraq mövcudluğunun, hərbi və iqtisadi təhlükəsizliyinin böyük təhlükələrlə üzləşəcəyi etimallarını artırır:
“Qısa zamanda Ukraynanı hərbi cəhətdən ram etməklə, hakimiyyətə özünə loyal şəxsi gətirməyi planlaşdıran Rusiya gözləmədini sürprizlə üzləşdi. Strateji düşüncənin zəif olması müharibənin bir neçə günlüyündə belə hiss olundu. Üstəgəl Qərb dövlətlərinin, o cümlədən NATO-nun Rusiyaya qarşı müharibəyə qoşulmaqdan çəkinsələrdə, Ukraynaya verdikləri dəstək və Rusiyaya qarşı tətbiq etdikləri ölümcül sanksiyalar öz effektini verməyə başladı. Bu, Rusiyanın hərbi cəbhədə ciddi itgilər verməklə bərabər iqtisadi cəhətdən də çöküşünün təməlini qoymuş oldu”. Politoloq bildirib ki, hazırkı dönəmdə qərbin ciddi iqtisadi sankiyaları Rusiyanı Ukraynanı işğal etmək istəklərindən çəkindirməyə kifayət etmir:
“Rusiyanın təbii və iqtisadi resursları müəyyən müddətə də olsa bu sanksiyalara dirəniş göstərməsinə imkan yaradır. Amma düşünürəm ki, iqtisadi təhlükəsizliyini tam təmin etmək iqtidarında olmayan, bir çox hallarda ixracdan asılı olan Rusiyanın yaxın aylarda dərin iqtisadi böhranla üz-üzə qalacağı hər kəsə bəllidir. Xüsusilə də martın 24-də NATO-nun fövqəladə zirvə toplansında yeni iqtisadi sanksiyalar paketinin tətbiqi və Ukraynanın müdafiə gücünün artırılması yollarının müzakirə ediləcəyini nəzərə aldıqda bunun Rusiya üçün daha böyük iqtisadi problemlərə səbəb olacağı düşüncəsini formalaşdrır. Bu da nəticə etibarilə sanksiyaların əsas ağırlığını çiynində daşıyan sadə vətəndaşların etirazlarının genişlənməsinə, hakimiyyətlə-xalq arasında narazılıqların artmasına, siyasi sabitliyin pozulmasına təsir göstərəcəyini qaçılmaz edir”.
R.Hüseynov hesab edir ki, qərbin müdafiə etməyə çalışdığı Ukraynanın müharibəni davam etdirməkdə israrlı olması, müqavimət göstərməsi Rusiya hakimiyyətini daha da qəzəbləndirəcək:
“Ukrayna ərazisində davam edən müharibə şəhər və kəndlərin tamamilə dağılmasına, hərbi poleqona çevrilməsinə gətirib çıxaracaq. Hətta məqsədinə nail olmayan və çıxılmaz vəziyyətdə qalmış Rusiyanın kimyəvi-bakteroloji və ya nüvə silahından istifadəsini mümkün edə biləcək. Bu amilin reallaşacı isə ümumilikdə heç bir dövlət üçün müsbət nəsə vəd etmir. Deməli, Rusiya və Ukraynanın yenidən bir masa ətrafına oturmaqla məsələni sülh yolu ilə həll etməsi onların özlərinin gələcək mövcudluqları, hərbi-siyasi təhlükəsizlikləri üçün olduqca vacibdir. Əks təqdirdə, qazanın daha çox müharibədən kənar qalan aktorların olacağı şübhəsizdir”.
Aynurə Pənahqızı Demokrat.az


