Əməkdar artist, tanınmış aktyor, aparıcı Elnur Kərimov Demokrat.az –ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Uğurlu aktyor və ya aktrisa olmadan, çətin rolları ifa etmədən, ayaqüstə alqışlanmadan da tanınmış sima olmağın bir çox yolları var. Belə şöhrətə ehtiyac duyursunuz? Ümumiyyətlə, kütlə tərəfindən tanınmaq, yoxsa məhdud sayda teatrsevənlərin sevimlisi olmaq?
- Bu sualın cavabını ustadımın dedikləri ilə cavablandıracam. Bu deyim başqa dahilər tərəfindən də deyilib, amma qulağımda sırğa olan ustadımın sözləridir: "Hər zaman istedadlı insanların yanında ol, dəstək ol, istedadsızlar hər zaman özlərinə yol tapacaq və yüksəkdə olacaq, hətta sizə rəhbərlik də edə bilərlər, amma bu sizi ruhdan salmayacaq, əksinə daha da yüksək məqama doğru aparacaq.Çalışın, şəxsiyyət kimi yaşayasınız və şəxsiyyət olasınız. İnsanların səmimi sevgisini qazanmaq böyük xoşbəxtlik və sərvətdir. Bunun qədrini bilmək lazımdır.
- Aktyor olmaq üçün nə vacibdir?
- İlk növbədə, aktyor olmaq üçün insan olmaq lazımdır. İnsani hissləri səhnədən və yaratdığın platformadan düzgün təqdim etməyi bacarmalısan.
-“Kaş...” nə ilə tamamlayardınız?
Kaş Dünyamız ölümsüz və müharibəsiz olsaydı.. Bütün balalar sağlam olsaydı.. Tanrı bizi övladlarımızın sualları qarşısında cavabsız qoymasın və utandırmasın.
- Səhnənin zirvəsi sizin üçün nədir?
- Teatrda səhnənin zirvəsi yoxdur. Sonsuzluğa gedən yoldur teatr. Hər yaşda arzuladığın və arzuların bitmədiyi yerdir teatr.
- Kitabla aranız yaxşıdır. Gənclərə şiddətli tövsiyə edəcəyiniz əsər hansı olar?
- Kitab sevgisi tövsiyyə olunacaq məqamdır. Məcburi kitab sevgisi ola bilməz. Gənclərə isə tövsiyyə edərdim ki, çalışdıqları sahənin tarixini öyrənsinlər, mədəniyyətimizi, tariximizi, adət-ənənələrimizi oxusunlar, öyrənsinlər.
- Övladlarınızın da sənətsevər böyüməsi üçün hansı tərbiyə metodlarından istifadə edirsiniz?
- Çalışıram ki, onlar öz peşəmi sevgi ilə seçdiyimi hiss etsinlər və bu ruhda böyüsünlər. Sonra hansı sahəni seçəcəklərinə özləri qərar versinlər. Mən doğru yolu göstərməyə çalışıram, hələ ki.
- Teatra bugünkü maraq sizi qane edir?
- Pandemiyadan öncə və sonra düşüncəsi ilə bu sualı cavablandıracam. İnsanların teatr v əmədəniyyətə sevgisi çox sevindiricidir.
Turana qılıncdan daha kəskin, ulu qüvvet Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
- Bu ərəfələrdə hansı tamaşalarda rol almısınız? Tamaşaçılar sizi hansı tarixdə və hansı tamaşada görə bilərlər?
- Gənc Tamasaçılar Teatrının repertuarı zəngindir və bu zənginlik içərisində hansı tamaşanı seçsələr, doğru seçim etmiş olarlar. Mənim rol aldığım və almadığım hər tamaşa doğmadır. Mən həmçinin Bakı Dövlət Sirkində də fəaliyyət göstərirəm. İlk növbədə direktor Elmir Hüseynova təşəkkür edirəm ki, etimad göstərib və bu inam nəticəsində yaradıcı mühit formalaşdırıb.






Gülçin Qorxmaz Demokrat.az


