Qarşıdan gələn bayram günləri ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksi mart ayının 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə BBAK-ın mətbuat katibi Samir Səfərov Demokrat.az -a açıqlamasında bildirib.
"Bu cür iş rejimi mart ayının 27-nə qədər davam edəcək. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin edilib. Şəhərlərarası, rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı nəzarət tədbirləri gücləndirilib. Vətəndaşlar elektron ünvan, sosial media hesablarımız və əlaqə telefonlarımız vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.

Sərnişinlər onları maraqlandıran suallarla bağlı 1414 çağrı mərkəzinə, şəhər telefonlarından isə 406-01-58, 406-01-59 zəng edərək məlumat ala bilərlər. Bayramda əsas axının cənub və şimal-qərb istiqamətində olacağı gözləniləndir. Adi günlərdə avtovağzaldan gün ərzində 180-ə yaxın müntəzəm və qeyri-müntəzəm avtobuslar reysə çıxırsa, bayramda zərurət olduğu təqdirdə bu rəqəmin 300-ə çatdırılması nəzərdə tutulub" Samir Səfərov deyə əlavə edib.
Maya Həsənova Demokrat.az


