Bu istiqamətdə reallaşdırılan layihələr ölkəmizin iqtisadi gücü ilə bağlı aydın mənzərə, sosial siyasətinin möhkəm bünövrəsi üçün zəmin yaradır.
Son vaxtlar Azərbaycanda bərpaolunan enerji sahəsində canlanmanın və bununla bağlı həyata vəsiqə qazanan yeni-yeni layihələrin şahidiyik. Bütövlükdə dünyada bərpaolunan enerji sektorunda artımların baş verdiyi bir şəraitdə ölkəmizdə zamanında başladılan bu addımlar davamlı xarakter almaqdadır.
Daha aydın mənzərə yaransın deyə öncə hazırda dünyada bərpaolunan enerji sektorundakı vəziyyətə diqqət edək. Beynəlxalq Enerji Agentliyi (BEA) belə bir proqnozla çıxış edib ki, növbəti 10 ildə bərpaolunan enerji sektoruna ciddi investisiya qoyuluşu baş verəcək (hər il orta hesabla 440 milyard dollar). Alternativ enerji mənbələrinin istehsalı tədricən artacaq: 2021-ci ildə 10%, növbəti 5 ildə isə 50% artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33%-ni əhatə edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95%-inin bərpa olunan enerji mənbələrinin payına düşəcəyi BEA-nın proqnozlarında yer alıb.
Ayrı-ayrı ölkələr üzrə vəziyyətə baxsaq, alternativ enerji mənbələrinin inkişafına görə hazırda Çin dünyada birinci yeri tutur. Çin son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub və növbəti 5 ildə bərpa olunan enerji üzrə artımın 40%-nin bu ölkənin payına düşəcəyi proqnozlaşdırılır.
Başqa bir göstərici: 2004-cü ildə Avropa İtifaqı (Aİ) ümumi enerji istehlakının 8,5%-ni bərpa olunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7%-ə yüksəlib. 2020-ci ildə Aİ-nin ümumu elektrik enerjisi istehsalının 20%-i günəş və külək enerjisinin payına düşüb.
Vurğu edilməli digər bir məqam odur ki, Rusiya ilə Ukrayna arasında yaşanan hərbi qarşıdurma Aİ ölkələrində Rusiyadan təbii qaz və neftin idxalının azaldılması və ya ondan imtina edilməsi məsələsi gündəmə gəlib. Bunun nəticədir ki, Aİ rəsmiləri artıq 2027-ci ildə bu istiqamətdə ciddi dəyişikliklərin olacağını bildirirlər.
Bütün bunlar dünyanın enerji sektorunda ciddi dəyişikliklərin baş verəcəyini şübhəsiz edir. Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanda bərpaolunan enerji sektorunda vəziyyətin necə olması diqqəti cəlb edir. Azərbaycan gələcəyə hesablanan hansı addımları atır? Azərbaycanın bunun üçün potensialı nə dərəcədə əlverişli və böyükdür?
Ondan başlayaq ki, araşdırmalar bütün Azərbaycan ərazisində belə layihələrin həyata keçirilməsinin mümkünlüyünü göstərib və zəngin təbii mühitin olduğunu ortaya qoyub. Xüsusilə külək enerjisi üzrə Xəzər akvotoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonunda daha əlverişili mühit mövcuddur.
Qarabağın işğaldan azad olunması bu imkanları daha da artırıb. Nəzərə almaq lazımdır ki, bu bölgə də zəngin bərpaolunan enerji potensialına malikdir. Həm günəş enerjisi (əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında), həm də külək enerjisi (Laçın və Kəlbəcər rayonları) əldə etmək imkanları yüksək qiymətləndirilir. Bununla yanaşı, su ehtiyatlarımızın 25%-nin Qarabağda formalaşması (Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qolları) bu ərazinin elektrik enerjisi istehsalı üçün də əlverişli olduğunu isbat edir.
Qeyd olunanların sırasına Xəzər dənizinin offşor külək enerjisi baxımından böyük potensiala malik olması, ilkin qiymətləndirmələrə görə, təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerjinin olduğu və bunun ölkəmizdə elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çox olması barədə rəyləri əlavə etsək, ümumi mənzərə tam aydın olar.
Bu əlverişli təbii mühitdən yararlanmaq üçün hansı işlər görülür?
Ölkəmizdə bütövlükdə enerji sektorunun inkişafı ilə bağlı kifayət qədər böyük işlər görüldüyü danılmaz faktdır. Konkter olaraq bərpaolunan enerjiyə keçid sahəsi üzərində dayansaq, ilk olaraq qeyd etmək lazımdır ki, bunun qısa zamanda baş verməsi mümkün deyil. Yuxarıda dünya üzrə qeyd etdiyimiz bir sıra proqnozlar da deməyə əsas verir ki, qaz, neft, kömür kimi yanacaq növləri bundan sonra da uzun müddət enerji balansında aparıcı yerini qoruyub saxlayacaq. Bu müddətdə bərpaolunan enerji sektorunda uzun iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur ki, Azərbaycan məhz bunu etməkdədir. Prosesin tədricən həyata keçirilməsini, bərpaolunan enerji növlərinin istehsalını enerji sahəsində ən başlıca vəzifə kimi qarşısına qoyan Azərbaycanda, bir yandan enerji mənbələrinin şaxələndiriləməsi icra olunur, digər yandan ənənəvi enerji növlərinə alternativlərin inkişaf etdirilməsi həyata keçirilir.
2030-cu ilə qədər enerji balansında bərpaolunan enerjinin payını 30%-ə yüksəltməyi hədəfləyən Azərbaycanda 2013-cü ildən sonra külək enerjisinin istehsalı 131 dəfə, günəş enerjisinin istehsalı isə 55 dəfə artıb. Görülən işlər külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı hədəf kimi götürüb. Son 6-7 ay ərzində imzalanan yeni müqavilələr Azərbaycanın qarşısına qoyduğu hədəfə doğru irəlilədiyini isbatlayır:
- Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb;
- Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib;
- Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb.
Səudiyyə Ərəbistanın “Acwa Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə imzalanan müqavilələr və ilk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kub metr qaza qənaət ediləcək. Ekoloji baxımdan önəmli olan bu layihələr, həmçinin yeni iş yerlərinin yaradılması deməkdir.
Bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı işlərdən danışarkən Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi üçün mühüm işlərə start verildiyi xüsusi vurğulanmalıdır. Prezident ötən il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb və real işlər həyata keçirilməkdədir.
Artıq Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb. Bundan başqa, Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
Qısa haşiyə çıxıb onu da qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulub. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var.
Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük marağın olması göz önündədir və bu heç də təsadüfi deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, müxtəlif amillərin vəhdətidir: “Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.
Beləliklə, bərpaolunan enerjiyə keçidin əhəmiyyətini və faydalarını nəzərə alan Azərbaycan özünün təbii resurslarına arxayınlaşmır, eyni zamanda alternativ enerji növlərinin əldə edilməsinə də diqqət yetirir, bu istiqamətdə konkret addımlar atır və bu addımlar bir tərəfdən Azərbaycanın iqtisadi potensialı ilə bağlı aydın mənzərə, digər tərəfdən demoqrafik cəhətdən inkişafda olan Azərbaycanın sosial siyasətinin möhkəm bünövrəsi üçün zəmin yaradır.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


