“Rusiya-Ukrayna müharibəsi Avropanın mərkəzində baş verən və qardaş qırğını ilə müşaiyət edilən dəhşətli hadisədir. İstənilən müharibənin gedişində kimlərsə fərari ola bilir. Misal üçün, İkinci Qarabağ müharibəsində 10 mindən çox erməni əsgəri fərarilik edib. Həmçinin, Rusiya-Ukrayna müharibəsi ilə bağlı təxminən 20 nəfər deputatın Ukraynadan qaçdıqlarına dair məlumatlar paylaşılıb. Təəccüblənmək lazım deyil, belə hallar həmişə olub və olacaq. Sadəcə, ayrı-ayrı şəxslər haqda olan narazılıqları hər kəsə aid etmək olmaz. Axı qaçmayıb mübarizə aparan digər deputatları unutmaq olmaz”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, sosial şəbəkə “fəalları” Azərbaycan deputatlarının hər birini ittiham edə bilməzlər: "Şəxsi qənaətimə görə, Azərbaycanda Rusiya-Ukrayna müharibəsi çapında müharibə baş verərsə, bütün deputatların fərari olacağını iddia edən şəxslərin elə özləri ilk qaçanlardan olarlar. Fransa imperator Napoleon Bonapartın dediyinə görə, kimin nədə problemi varsa, o barədə daha ucadan danışır. Şəxsən özümü müharibənin əsgəri sayıram, çünki günün reallığına görə ilk növbədə informasiya müharibəsi dayanır. İnformasiya müharibəsində qalib gələn dövlət real cəbhədə də qalibiyyəti təmin edə bilər. İnformasiya müharibəsində bütün günü döyüşürəm: Ermənistanla bağlı mövqeyimi nümayiş etdirir, onların qeyri-konstruktiv fəaliyyətini ifşa edir, erməni təbliğat maşınına qarşı mübarizə aparır və Ölkə Prezidenti İlham Əliyevin siyasətini təbliğ edir, geniş ictimaiyyətə çatdırıram. Yəni, bizi ittiham edənlər özlərinin bu dövrdə necə əsgər olduqları barədə düşünsünlər. Onlar informasiya müharibəsinin əsgəri olublarmı? Hansı yazıları çıxıb, hansı mövqeni bildiriblər?! Mənim müharibədən həm əvvəl, həm də sonra ərəb dünyasının 10-a yaxın saytında, ən mühüm qəzetlərində 30-a yaxın məqaləm dərc edilib, İraq televiziyasına müsahibə vermişəm. Misir, Liviya, Fələstin və digər ölkələrin jurnalistlərinin suallarını cavablandırmışam. Xahiş edirəm, məni və həmkarlarımı ittiham edənlər də İkinci Qarabağ müharibəsi dövründə etdiklərini yazsınlar. Nə ediblər?! Onlar “Azərbaycanın filan qədər tankı, zirehli maşını filan istiqamətdə getdi”, “Onların sayı filan qədər idi”, “Filan qədər əsgər cəbhəyə yola salındı” kimi qadağan olunmuş məlumatları sosial şəbəkələrdə yaymaqla məşğul olublar. Nəzərə almaq lazımdır ki, belə məlumatları yaymaq cinayət əməlidir. Təəssüf ki, bu gün bizi ittiham edən “qəhrəmanlar” Vətən müharibəsində məhz belə işlərlə məşğul olublar”.
Demokrat.az


