Gündəm Özəl

“Mühafizəçi qolumdan tutub çıxartdı məni ordan..” — Məşhur Kosanın Demokrat.az-a MÜSAHİBƏSİ…

“Mühafizəçi qolumdan tutub çıxartdı məni ordan..” — Məşhur Kosanın Demokrat.az-a MÜSAHİBƏSİ…

İllərlə Novruz şənliklərində Kosa obrazının ifaçısı kimi çıxış edən Qafar Novruzlu İlaxır çənbəsində Demokrat.az–ın suallarını cavablandırıb.

Heç bayram əhvalını hiss etmədiyimiz Kosanın incidikləri çoxdur.

Özü də bu bayram onlarla barışacağı da məlum deyil.

-Uşaqlığımızın, ən yaddaqalan Novruz şənliklərimizin əsas atributlarından biri – Kosa,yəni, Qafar Novruzlu. İlin başqa zamanlarında da Kosa deyildikdə, gözümüzün önünə siz gəlirsiniz. Sizin sayənizdə, xalqımızda Kosanın həqiqi varlığına inam yaranıb. İllərdir bu sevgini dəyişməyə qoymayan nədir?

-İnsan sənəti özününküləşdirəndə, nəticə gözəl olur. Necə ki, aktyor rolu canlandırır və həqiqi alınır, məndə də elədir. Mən Asəf Zeynallı adına musiqi kollecinn Tar şöbəsini bitirmişəm. 90-cı illərdə “İrs” Folklor ansamblında çıxış etmişəm. Elə həmin zamanlarda Novruz tədbiri başlamalı idi, kosa gəlib çıxmırdı. Dedim, icazə olsa mən bu rolu ifa edərdim. İfa etdim, bəyəndilər. Mənə bəzən deyirlər ki, sən həyatda çox ağır, az danışan adamsan, necə Kosa kimi rol oynaya bilirsən? Deyirəm ki, o paltarı geyinəndə, artıq kosalaşıram. Gərək, kosanın hərəkətləri ilə danışığı vəhdət təşkil eləsin. Əsl Kosa obrazını mən yaradıram. Kosa həm güldürür, həm də düşündürür.

-Ulu öndərlə eyni şənlikdə olmusunuz, hətta onunla yumurta döyüşdürmüsünüz..

“Mühafizəçi qolumdan tutub çıxartdı məni ordan..” — Məşhur Kosanın Demokrat.az-a MÜSAHİBƏSİ…

-Bəli, 1996-cı ildə Novruz şənliyində biz səhnədə olanda mən cəhd elədim ulu öndərlə görüşəm, mühafizə qoymadı. 1997-ci ildə Novruz şənliyində artıq mən onu dəvət elədim, çevrildi baxdı mənə. Dedim, cənab prezident, xalqımızın adəti var, istəyirəm sizinlə yumurta döyüşdürəm. Bəxtimizi sınayaq. Hətta istədilər məni tədbirdən uzaqlaşdırsınlar. Çünki mən proqramdan kənar olaraq belə bir addım atmışdım. Amma ulu öndər mühafizəçinin əlini kənara çəkdi, mənimlə yumurta döyüşdürdü. Təsadüfən, mən uduzdum. O elə insan idi ki, uşaqla uşaq, böyüklə böyük idi.

-Bu il sizi şənliklərdə görəcəyik?

-Hələki dəvət edən olmayıb. Şəxsi tədbirlərə dəvət almışam bir-iki yerdən, amma dövlət tədbirlərinə yox..

-Bayramın keçirilməsində, adət-ənənələrin icrasında, insanlardakı bayram əhvalında..baş verən dəyişiklikləri hər kəsdən yaxşı siz hiss edə bilərsiniz.

-Mən əvvəlki coşqunu, bayram əhval-ruhiyəsini indi görmürəm. Sosial şəbəkələr çıxandan hər şey, elə bil ki, şəkil, video xətrinə olub. İnsanlar üçün hər şeyin marağını itib. Novruz yalnız bayram deyil, həm də folklor toplusudur, ənənədir. Sanki, adiləşib insanlara, maraqsızlaşıb. Meydan oyunlarımız olardı. İndi belə coşqu yoxdur. Əvvəllər Keçəllə Bulvara gedirdik, meydan oyunları göstərirdik, uşaqlar sevinirdi, valideynlər gətirib uşaqlarının bizimlə şəklini çəkirdilər. İki-üç il əvvəl Bulvara getdik, mühafizə bizi ordan çıxartdı ki, yox, siz icazə almadan gələ bilməzsiniz. Bu, bizim mənəvi dəyərlərə zərbədir.

-Olubmu ki, sizin bu rolu mahircəsinə canlandırdığınızdan dolayı ,sizə adınızla yox, məhz Kosa deyərək müraciət etsinlər?

“Mühafizəçi qolumdan tutub çıxartdı məni ordan..” — Məşhur Kosanın Demokrat.az-a MÜSAHİBƏSİ…

-Elə hamı məni Kosa deyə çağırır. Telefonda da adımı belə qeyd edirlər. deyirəm Qafar çoxdur, amma Kosa bir dənədir.

-Kosa, bayramın mübarək! Bu yaz hər şey ürəyincə olsun!

-Çox sağ olun! Mən də xalqımızı ürəkdən təbrik edirəm. Ruzi-bərəkətli, sülh, əmin-amanlıq içərisində həyat arzu edirəm.

Maya İmran Demokrat.az

D
demokrat.az