Gündəm

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

Sosial şəbəkənin parıltılı, şablonlaşmış, mükəmməlpərəst paylaşımlarının arasında onun paylaşdığı sevgidolu video və şəkillər qısa zamanda minlərlə insanın diqqətini çəkir. Ucqar dağ kəndindən – Lənkəranın Jidi kəndindən olan sadə uşaqlar anidən ulduza çevrilirlər. Özü də onları valideynlərindən az sevməyən gənc müəllimləri- Leyla Qarazadə sayəsində.. Sən demə, insanların sadəliyə, təbiiliyə daha çox ehtiyacı varmış.. Sadəlövh kənd uşaqlarını xoşbəxt etməyin sirrini öyrənmək üçün Leyla Qarazadəni daha yaxından tanımaq istədik.

O da, elə sosial şəbəkədəki kimi səmimi şəkildə Demokrat.az–ın suallarını cavablandırdı.

-Leyla müəllim, sizi daha yaxından tanıyaq.

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

-Mən Leyla Qarazadə, 1998-ci ildə Lənkəran rayonunun Zövlə kəndində anadan olmuşam. Orta məktəbi də Zövlə kəndi tam orta məktəbdə almışam. 2013-cü ildə Lənkəran rayon Humanitar Kollecinin “İbtidai sinif müəllimliyi” fakültəsinə daxil olmuşam və 2017-ci ildə oranı bitirmişəm. 2018-ci ildə MİQ imtahanlarında iştirak edərək, təyinat üzrə Lənkəran rayon Jidi Kənd ümumi orta məktəbə ibtidai sinif müəllimi olaraq təyin olunmuşam. 2020-ci ildən etibarən imtahan və müsahibə prosesini uğurla verdikdən sonra ,həm də Lənkəran rayon Gəgiran kənd tam orta məktəbdə icma əsaslı məktəbə qədər təhsildə qrup rəhbəri kimi çalışıram.

-Jidi kəndi həyatınızda nələri dəyişdi? Müsbət və mənfi..

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

-Jidi kəndi həyatımda çox şeyi dəyişdi. İlk olaraq, belə kəndin varlığından xəbərim oldu. İlk dərs günü məktəbə gedərkən, qapıda iki şagirdlə rastlaşdım. Neçənci sinif olduqlarını soruşdum. Dedilər, 2-ci sinifdilər. Sinifə daxil olanda soruşdum ki, başqa 2-ci sinif varmı? Dedilər, xeyr müəllim. Onlara dedim ki, mənim ilk qurbanlarım sizsiniz, sizi təbrik edirəm. Onda hamı mənə qəribə baxmışdı. Üç il keçdi və o sinif ibtidai təhsilini başa vurduğu üçün mən onları təhvil verməli oldum. Mənə dedilər ki, müəllim, biz sizin qurbanlarınız yox, övladlarınız olmuşuq. Həmişə ağlımda gözəl bir kənd canlandırırdım. Jidi kəndini görəndə anladım ki, əslində, mən real olanı xəyal edirmişəm. Bu kəndi, əhalisini görəndə başa düşdüm ki, bizim həyatın çox kiçik hissəsini arzu edən insanlar var. İnsanlar əlində olanların qədrini bilmir. Halbuki, onların arzusunda olan nə qədər insan var. Mən o gündən başladım onlara əlində olanlarla xoşbəxt olmağı öyrətməyə. Çünki, xoşbəxt pulla satılmır və alınmır. Xoşbəxtlik onların özləridir. Xoşbəxtlik onların yaratdıqlarıdır. Məsələn, yeni ildə mən onlar üçün küknar ağacı ala bilərdim. Sinif olaraq, pul yığıb da ala bilərdik. Amma mən onların özlərinin yarada biləcəyi xoşbəxtliyi daha üstün tutduğum üçün küknar ağacının alınmamasının tərəfdarı oldum. Onlara da göstərmiş oldum ki, özümüzün yaratdığımız xoşbəxtlik daha gözəl və doyulmazdır.

-Leyla müəllim ənənəvi müəllim obrazından nəyi ilə fərqlənir?

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

-Mənim özümün də çoxlu müəllimlərim olub. Məncə, ənənəvi müəllimlə müasir müəllimin fərqləri olsa da, ortaq cəhəti sevgi olmalıdır. Müəllim gərək ki, şagird dünyasının rənglərini görə bilsin. Ənənəvi müəllimin Leyla müəlliməyə öyrətdiklərindən yola çıxaraq, şagird dünyasını boyayıram və düşünürəm ki, bütün müəllimləri birləşdirən cəhət şagirdinə olan sevgisidir.

-Cənab nazir martın 2-də Jidi kəndində- məktəbinizdə qonaq oldu, dərs prosesində iştirak etdi. Bu, təhsil tariximizdə bir ilkdir. Görüş necə keçdi və şagirdlərinizin yaddaşına necə həkk oldu?

-Bəli, cənab nazirin məktəbimizə gəlişi xoş xatirələrlə yadda qaldı. Çünki, çox səmimi idi. Şagirdlər düşünürdülər ki, biz həyəcanlanarıq, əksinə, çox xoş oldu onlar üçün. Görüş çox səmimi söhbətlərlə yadda qaldı, şagirdlər cənab nazirə şerlər səsləndirdilər, dərslərindən danışdılar ona. Onları ən çox xoşbəxt edən səbəb, Bakıdan bir qonağın gəlişi, hətta bu qonağın nazir olması idi. Məncə, onlar böyüyəndə bu görüşün mahiyyətini daha gözəl anlayacaqlar.

-Şagirdlərinizin və sizin instagramda kifayət qədər izləyiciniz var. Minlərlə insanın marağında, diqqət mərkəzində olmaq necə hissdir?

-Mən o səhifəni, əslində, şagirdlərin uşaqlıq xatirələrini əbədiləşdirmək üçün açmışdım. Kiçik faizi isə müəllimlər üçün motivasiya xarakteri daşıyır. Hətta mənim yuxarı siniflərdə oxuyan şagirdlərim o videolara baxanda çox sevinirlər, uşaqlıqlarını görmək, böyüdüklərini hiss etməkləri onlar üçün xoş olur. Kənd yeri olduğu üçün uşaqlıq xatirələrini çəkmək, saxlamaq bir az çətin məsələdir. Mənim özümün də məktəb illərimdən şəkilim yoxdur. Bu, məni üzür. İstəmədim ki, şagirdlərim də eyni səbəblə üzülsünlər. Ona görə onlara belə bir səhifə yaratdım. Bizi izləyənlər üçün,məncə, ona görə maraqlı gəlirik ki, bizdə hər şey təbiidir, necə varsa, elə, səmimi və sevgidoludur. Bizim səhifəmizi izləyən hər kəsə təşəkkür edirik.

-"YERDƏKİ ULDUZLAR"ın məşhurluğa reaksiyaları necədir? Tanımaqdıqları insanların onları sevməsi xəyal dünyalarına necə təsir edir?

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

-Çox sevinirlər. Hətta özlərini televizorda görəndə dedilər ki, müəllim yaxşı ki, bizi çəkmisiniz, bizi tanıyırlar. “Sən necə də qəşəngsən” adlı video çəkmişdim. Orda bir şagird mənim sinifimdən deyildi. Bir gün təsadüfən özünü televizorda görüb. Gəlib mənə demişdi ki, müəllim mən özümü görəndə şok oldum. Onlar, onsuzda, müəllimlərinin ulduzları idilər, amma televizorda özlərini görmək onları çox sevindirdi. Ən çox “bizi Bakıda tanıyırlar” fikri onlara möcüzə kimi gəlir.

-Bizə texnologiyadan, bütün müasir əyləncə metodlarından uzaqda uşaqları xoşbəxt edə bilməyin sirrini açıqlaya bilərsiniz?

-Mən çalışmışam ki, şagirdləri var olan xoşbəxtliyə inandırım, pulla alınana deyil. Çünki zaman və məkan müxtəlif ola bilər. Hansısa bir şagird istədiyi vaxt əyləncə məkanına gedə bilər, istədiyi oyuncaq onun üçün alına bilər, amma elə şagird var ki, bunu yalnız arzulaya bilər. Mən istəyim odur ki, onlara var olduqları üçün xoşbəxt hiss etməyi öyrədə bilim. Mən fərqləri görə bilirəm, istər valideynlərin öz övladlarının istəklərini reallaşdıra bilməməsi, istərsə də, şagirdlərimin öz arzularını əldə edə bilməməsi məni üzür, bəzən.. Ona görə çalışıram ki, onlar baş rolda özləri olduğu və özlərinin yaratdıqları xoşbəxtliyə inandırım… Onların gözlərinə baxaraq deyirəm ki, SƏN XOŞBƏXTLİYİN ÖZÜSƏN!

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

-Uşaqlar sizi təkcə müəllimləri kimi deyil, həm də ən əziz insanları kimi sevirlər. Bu, valideynlərdə qısqanclıq yaratmır ki?

Mən çalışıram ki, valideynlərin ya qızı, ya da bacısı olum. Nəticədə, bir ailə olmuş oluruq. Onlar heç də qısqanmır, əksinə, təşəkkür edirlər. Çünki, biz bilirik ki, kənd yeri olduğu üçün iş çox olur, valideynlər öz övladlarına vaxt ayıra bilmirlər.Hətta başımıza belə bir hadisə gəlmişdi ki, valideyn iclaslarının birində uşağa sual vermişdilər ki, ananı çox istəyirsən, yoxsa müəllimini? O “müəllimimi” demişdi. Bu heç də valideyndə qısqanclıq yaratmadı. Güldü, dedi ki, uşağımla məndən çox sən zaman keçirirsən, övladım düz dedi. Sonra uşaqla danışıq apardıq, təbii ki.. Düşünürəm ki, mən valideynlərlə qızı yaxud bacısı kimi davrandığım üçün, biz valideyn-müəllim-şagird üçbucağını qura bilmişik.

-Artıq şagirdləriniz təkcə məktəb həyatınızın deyil, işdən sonrakı həyatınızın da bir hissəsinə çevriliblər. Bu, müəllim-şagird münasibətindən əlavə, həm də doğmalıqdır. Nə zamansa təyinatınız başqa kəndə və ya rayona olacaq, güman ki.. "Yerdəki ulduzları" həyatınızın hansı hissəsi kimi qəlbinizdə daşıyacaqsınız?

-Bu günə qədər və bu gündən sonrakı bütün şagirdlərim mənim ulduzlarımdır. Əgər nə vaxtsa bu kənddən getsəm, onlar həmişə mənim qəlbimdə olacaqlar. Həmişə düşünmüşəm ki, kəndə səfərlər edəcəm. Dərsdən sonra uşaqları necə əyləndirirdimsə, yenə onlarla elə vaxt keçirəcəm. Buraxılış siniflərim üçün belə fikir səsləndirmişdim: ”Mən bu günə qədər sizin müəlliminiz idimsə, bu gündən sonra valideyninizəm. Bütün işlərinizi izləyəcəm, müəllimlərinizlə söhbət aparacam, həmişə dərslərinizlə maraqlanacam. Bütün çatışmazlıqları sizə bildirəcəm. Nə lazımdırsa, sizə kömək etməyə çalışacam.”

Kənd uşaqlarını xoşbəxt edən Leyla müəllimə ilə ÖZƏL MÜSAHİBƏ

-Leyla müəllimi qısa cümlə ilə təsvir edin. Ya da şagirdlərinizin sözü ilə..

-Məncə, müəllim öz məktəbi, şagirdləri ilə tanınmalıdır. Ona görə də, Jidi məktəbinin müəlliməsi, məncə, Leyla müəlliməyə aid ən gözəl təyindir.

Maya İmran Demokrat.az

D
demokrat.az