Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalandı.
Bunun əhəmiyyətindən danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov Demokrat.az-a açıqlamasında bildirdi ki, bu, Azərbaycan üçün çox vacib tarixi hadisədir. Deputat qeyd etdi ki, bu memorandum həm Azərbaycan, həm də İran dövlətinin birbaşa maraqlarına xidmət edir:
“Sazişə əsasən, Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək. Bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən bir layihədir. Həmçinin, cənub qonşumuzla da iqtisadi-siyasi əlaqələrdə yeni mərhələnin başlanması deməkdir. Bu sazişlə Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirməyə nail olacaq. Beləliklə, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq”.
Deputatın sözlərinə görə, bununla Ermənistanın əlindəki ən böyük siyasi manevri olan Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etmək planı puç oldu: “Bu gedişlə də Ermənistan sonda özü təzyiq altına düşəcək. İndi Ermənistan ya təcrid şəraitində yaşamağa davam edəcək, ya da Azərbaycanla kompromisə gedəcək. Artıq Ermənistan Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq”. Aynurə Pənahqızı Demokrat.az


