“Dünən axşamdan bu gün səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsi tərəfindən ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində mövqeləri, Qərbi Zəngəzurun Basarkeçər rayonundan isə Kəlbəcərin üç kəndi atəşə tutulub”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat vurğulayıb ki, bu, həftə ərzində ermənilər tərəfindən yaradılan ilk gərginlik deyil:
“Düzdür, hər dəfə beynəlxalq humanitar hüquq rəhbər tutulmaqla erməni ordusunun, habelə separatçıların qanunsuz dəstələrinin adekvat cavabları verilir. Lakin hesab edirəm ki, məsələ köklü həlli edilməyənədək sabitlik yaranan deyil. Görünən odur ki, Qarabağda separatçılar tam məhv edilməlidir. Həmçinin, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından tam əl çəkdiyini rəsmən bəyan etməli, hərbi cinayətlərə görə dövlət səviyyəsində üzr istəməlidir. Bunlar olmadığı təqdirdə bölgədə sabitlik üçün bu kimi təhdidlər davam edəcək. Ancaq ermənilər hələki könüllü surətdə doğru yola gəlmək, murdar ideologiya və zərərli iddialarından çəkinmək istəmirlər. Bu da hər kəsdən çox elə onların özləri üçün ciddi problemlər yaratmaqdadır. Deməli, getdikcə zərurətə çevrilən “Dəmir yumruq” əməliyyatı ədaləti bərqərar etməklə yanaşı, eyni zamanda erməni xalqı və Qarabağda yaşayan "yolunu azmış" erməni əsilli vətəndaşlarımız üçün də yeganə xilas yoludur”.
Aynurə Pənahqızı Demokrat.az


