“Azərbaycan Ukrayna-Rusiya savaşı başlamamışdan xeyli müddət öncə strateji məhsulların ehtiyatlarının artırılması ilə bağlı xüsusi qərar qəbul etmişdir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, hətta bununla bağlı cənab Prezident İlham Əliyev tərəfindən də göstərişlər verilib:
“Qeyd edək ki, dünya bazarında taxılın qiymətində artımlar davam edəcək. Həm də nəzərə alsaq ki, Rusiya taxıl ixracatını məhdudlaşdıracaq ki, bu da qiymət artımlarına səbəb olacaq. O baxımdan mövcud ehtiyatlardan istifadə olunması, eyni zamanda yerli istehsalın artırılması və qısa müddətdə başqa idxal mənbələrinin tapılması istiqamətində ciddi işlər aparılır. Azərbaycan taxıla olan tələbin 60 faizini daxili, digər 40 faizini idxal hesabına ödəyir. Yəni, Azərbaycan idxalında Rusiyanın payı yüksək olaraq qalmaqdadır. İl ərzində Rusiyadan təxminən 290 milyon dollara yaxın taxıl məhsulları idxal olunurdu”.
Millət vəkilinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə taxıl istehsalının genişləndirilməsi və yerli istehsalın da artırılması hazırda əsas hədəflərdədir:
“Ötən ilin sonlarında, bu ilin əvvəllərindən qlobal bazarlarda taxılın qiymətinin artdığını müşahidə edirik. Bu baxımdan da yerli istehsalın artırılması zəruridir və bu istiqamətdə işlər dövlətin əsas prioritetlərindəndir. Rusiyanın taxıl ixracatına müəyyənləşdirdiyi məhdudların təsirlərinin minimumlaşdırılması istiqamətində işlər aparılacaq və xüsusən də, taxıla olan tələbin ödənilməsi ilə bağlı sistemli fəaliyyətlər davam etdirilir. Ona görə də indiki məqamda digər ölkələrdən idxalın həyata keçirilməsi, yerli istehsalın genişləndirilməsi və ehtiyatların artırılması əsas prioritetdir. Çünki növbəti illərdə ərzaq məhsullarının qiymətində artımlar davam edəcək”.
Aynurə Pənahqızı Demokrat.az


