Xəzərin səviyyəsinin enməsindən sonra Kür çayında da suyun azalması müşahidə olunur. Çayda sululuğun azalması səbəbindən çayın mərkəzi hissələrində böyük adacıqlar meydana gəlib. Məlumatlara görə, Kürdə sululuğun azalması balıqların da sayının azalmasına təsir edib. Hətta Salyan, Neftçala rayonlarında vaxtilə bol su olan əraziləri indi insanlar rahatlıqla keçirlər.
Mövcud problemlə bağlı Demokrat.az-a açıqlama verən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı bildiridi ki, problem təkcə Kür çayı ilə bağlı deyil, Araz çayında da su xeyli azalıb. Ekspertin sözlərinə görə, Kürün qolları olan kiçik çayların da çoxu quruyub:
“Hələ qış fəslində belədirsə, yayı təsəvvür etmək heç də çətin deyil. 10 ildən çoxdur ki, mətbuatda, televiziyada bununla bağlı həyəcan təbili çalırdıq, bu günlərin gələcəyini deyirdik. Təəssüf ki, heç bir reaksiya verilmədi, qabaqlayıcı və sığortalayıcı tədbirlər görülmədi. Artıq ekoloji faciə son həddə çatdı. Burada əlbəttə obyektiv və subyektiv səbəblər, xarici və daxili amillər var. Obyektiv səbəb qlobal quraqlıq və istiləşmə, yağıntıların azalmasıdır. Subyektiv amillərə kiçik çayların mənbəyində meşələrin qırılması, kiçik çayların yataqlarından xırda çay daşlarının tikinti məqsədilə vəhşicəsinə talanması, Kür suyundan normadan artıq istifadə və s. göstərmək olar. Həmçinin, Kürün mənbəyində Türkiyədə tikilmiş su anbarının da buna təsiri var”.
Ekspert diqqətə çatdırdı ki, Azərbaycanda ciddi su qıtlığı yarana bilər: 
“Ciddi su qıtlığının yaranacağı şübhəsizdir. Çünki problem təkcə Kür çayı ilə bağlı deyil, bütün çaylarda vəziyyət kritikdir. Azərbaycan su ehtiyatlarının həcminə görə digər ölkələrdən xeyli pis vəziyyətdədir, bu ehtiyatın 70 faizi ölkədən kənarda formalaşır. Qlobal quraqlıq güclənəndə o mənbələrdən su əldə edə bilməyəcəyik. Bu birbaşa milli və dövlət təhlükəsizliyi məsələsidir. Vaxtında kifayət qədər su anbarları, artezian qurğuları, dəniz sahilində su şirinləşdirici qurğular tikilmədiyindən problem ciddi olacaq. Düzdür bəzi su anbarlar tikilib, müəyyən sayda artezianlar qazılıb, lakin bunlar problemə adekvat deyil. Hazırda Kür suyunun içməli su təchizatında payı elə də az deyil. Düzdür “Azərsu” Bakıda bu payın 10 faiz civarında olduğunu deyir, lakin Abşeron yarımadası və Aran zonası rayonlarının su təminatında Kürün payı bu rəqəmdən dəfələrlə artıqdır. Problem təkcə içməli su çatışmazlığı ilə də bağlı deyil, suvarmada ciddi problemlər yaranacaq ki, bu da dolayı yolla məhsul istehsalının azalması və ərzaq qıtlığı deməkdir. Onsuz da ərzağın yarısı idxal hesabına ödənilir, qalan hissədə də problem yaransa idxaldan asılılıq daha da artacaq. Dünyada isə ərzağın bahalaşması davam edir və prosesin uzun sürəcəyi aydındır. Bu halda biz ərzaq təhlükəsizliyi cəhətdən ağır vəziyyətə düşə bilərik. Üstəlik idxalın artması ilə ərzağın bahalaşması qaçılmaz olacaq. Əhalinin gəlirləri bu bahalaşmanı kompensasiya edə bilməyəcək, sosial narazılıq artacaq, dövlət məcburən sosial ayırmaları artırmalı olacaq, büdcəyə təzyiq artacaq, inflyasiya manata təzyiqi artıracaq. Göründüyü kimi, bu problemin qarşısı alınmasa, ciddi təsirləri qaçılmazdır. Müvafiq qurumlara külli məbləğdə vəsaitlər ayrılsa da, vaxtında tədbirlər görülmədi. Problem kəskinləşdikcə bunun qarşısını almaq çətinləşir. Təcili olaraq, kompeks tədbirlərə başlamaq lazımdır, əks halda ağır vəziyyətə düşəcəyik”.
Nəzrin Hüseynli Demokrat.az


