“Son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri və separatçılar ardıcıl təxribatlar törədir. Təxribatların intensiv hal alması Ermənistanın 44 günlük müharibədən lazımi dərs çıxarmadığını bir daha göstərir. Rəsmi İrəvan faktiki olaraq 10 noyabr bəyanatının başda 4-cü bəndi olmaqla, digər müvafiq bəndlərini də kobud şəkildə pozur. Bu həm də bir müddətdir davam edən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesinə də ciddi zərbə deməkdir”.
Bu sözləri Demokrat.az-a politoloq Turan Rzayev son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri və separatçılar ardıcıl təxribatlar törətməsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanın son günlər sərgilədiyi mövqe ənənəvi erməni siyasətinin təcəssümüdür:
“Məsələ ondadır ki, Nikol Paşinyan hökuməti ağılla işğalçılıq ehtirasından irəli gələn revanşist hisslər arasında seçim edə bilmir. Strateji nəticə əldə etmək üçün əqlə müraciət edilsə də, erməni xisləti fərqli davranış sərgilənməsinə gətirib çıxarır. Yəni alınarsa öhdəlikdən boyum qaçırım, alınmasa da şərtləri qəbul edim. 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın yenidən təxribatlara əl atması müəyyən suallar da doğurur. Misal üçün rəsmi İrəvan və onun hələ də dəstəklədiyi separatçılar kimə arxalanıb təxribatlara əl atır? Hesab edirəm son zamanlar erməni təxribatlarının artmasında Rusiyanın Qarabağdakı sülhməramlılarının yeni rəhbəri Andrey Volkovun xüsusi payı var. Məsələ ondadır ki, Volkov sülhməramlılarının yeni rəhbəri təyin edilmədən öncə erməni təxribatları bu qədər intensiv hal almamışdı. Digər tərəfdən, rəsmi İrəvan da Bakı və Ankara ilə uzlaşmağa daha meyil göstərirdi. Görünür, Volkovun sülhməramlılara rəhbər təyin edilməsi Ermənistanı və onun dəstəklədiyi separatçıları ürəkləndirib. Əslində ermənilər Volkovu və onun bitib-tükənməz hərisliyini yaxşı bilir. Volkov sələfləri Gennadi Anaşkin və Rüstəm Muradovdan fərqli olaraq neytral deyil. Hətta o özünü sülhməramlıdan çox qubernator kimi aparır. Bunu hər fürsətdə də göstərməkdən çəkinmir. Volkovun hazırda sülhməramlıların müvəqqəti məsuliyyət zonasında şəxsi biznes fəaliyyətlərinin olduğu da məlumdur. Volkov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək separatçılara mütəmadi olaraq qaçaqmalçılıq xidməti göstərir. Təbii ki, bütün bunlar təmənnasız baş vermir".

Politoloq hesab edir ki, belə bir şəxsin sülhməramlılara rəhbər təyin edilməsi nə yekun sülhə, nə də regionda sabitliyə töhfə verməyəcək:
"Rəsmi Bakı Qarabağda şəxsi biznes maraqları və azərbaycanlılara qarşı şəxsi düşmənçiliyi olan birbaşa iştirakçıya çevrilib. Bu səbəbdən də Azərbaycan Volkovun daha adekvat və neytral fiqurla əvəzlənməsində israrlıdır. RMK-nın hazırkı komandiri regionda sülhün bərqərar olmasına töhfə vermir, yalnız təcavüzkar separatizmi qızışdırır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bölmələrinə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi ilə bağlı tapşırıqlar verib. Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi, bunun üçün döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı tapşırıqlar verib. Müdafiə nazirinin erməni tərəfinin təxribatlarına sərt şəkildə cavab verəcəyini deməsi rəsmi Bakının qərarlı mövqeyini bir daha sübut edir. Azərbaycan mövcud vəziyyətə səssiz qalmayaraq lazımi tədbirləri görəcək”.
Aynurə Pənahqızı Demokrat.az


