Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilə birgə Rayon Polis Şöbəsinin rəisi, DTX-nin rayon şöbəsinin rəisi və Rayon Prokuroru bayram günlərində Zobucuq (1,2,3,4,5) qəsəbələrində və Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olublar, vətəndaşlarla görüşüblər, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanıblar, alıcı və satıcılarla söhbət ediblər.
Demokrat.az xəbər verir ki, Alı Alıyev vətəndaşları dinləyib, onların problem və qayğıları ilə maraqlanıb. Rayon sakinləri də öz növbəsində bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.
Alı Alıyev, Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan fərman və sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Qeyd edib ki, bu ilin əvvəlində ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.






Kərim Demokrat.az


