Gündəm

"İstənilən vaxt anti-terror əməliyyatı keçirməyə hüququmuz çatır" — Deputat

İstənilən vaxt anti-terror əməliyyatı keçirməyə hüququmuz çatır — Deputat

“Son vaxtlar Xankəndində istər azan, istərsə də “Koroğlu” üverturasının səsləndirilməsi ermənilərə bir mesajdır. Bununla bir daha onlara xatırladırıq ki, siz Azərbaycan torpaqlarındasınız və bura bizim ərazimizdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat qeyd edib ki, Azərbaycan suveren dövlətdir:

“Həm “Koroğlu” üverturasının, həm də Azərbaycan himninin səsləndirilməsi orada yaşayan separatçılara, ruslara bir xəbərdarlıqdır. Bununla Azərbaycan bir daha onların diqqətinə çatdırır ki, siz Azərbaycan ərazisindəsiniz. Yəni, mən öz ərazim olduğu üçün azan da, himn də, üvertura da səsləndirə bilərəm. Bunlar artıq bunu dərk etməli, başa düşməlidirlər. Yoxsa bu, kiməsə xoş gəlməyəcək, kiməsə pis təsir göstərəcək, bu, onların öz işləridir. Biz qalib dövlətik, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Buna görə də kimsə buna qıcıqlandırıcı mövqe kimi baxmamalıdır. Biz bu gün eyni zamanda əmin-amanlığın, sülhün tərəfdarıyıq”.

Millət vəkili əlavə edib ki, son vaxtlar ermənilər yeni prezident seçiləndən sonra müəyyən təxribatlara əl atmaqdadırlar:

“Onlar unutmamalıdırlar ki, bizim hələ dəmir yumruğumuz əlimizdədir. İstənilən vaxtı anti-terror əməliyyatı keçirməyə də hüququmuz çatır. Təbii ki, heç bir beynəlxalq norma və qanunları pozmamaq şərtilə. Ona görə də bunu normal hal kimi qəbul edirəm və bütün dünyada bilməlidir ki, Qarabağ Azərbaycandır!”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az