“Azərbaycanda karantin qaydalarının yumşaldılmasını doğru addım olduğunu hesab edirəm”.
Bunu Demokrat.az-a açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib. Həkimin sözlərinə görə, bu, zamanında atılmış bir addımdır:
“Ölkəmizdə karantin şərtlərinin kifayət qədər yumşaldılması gözlənilən idi. Çünki hazırda epidemioloji vəziyyət çox stabildir. Xəstəxanalarda artıq kovid xəstələri xeyli azalıb. Ümumiyyətlə, ev şəraitində də müalicə alan xəstələrin sayı kifayət qədər azlıq təşkil edir.
Vaksin vurduran vətəndaşların sayının gedərək çoxaldığını nəzərə alsaq, ümumi cəmiyyətdə koronavirusa qarşı qoruyuculuq yüksək həddədir. Təbii ki, belə bir zamanda da karantin şərtlərinin yumşaldılması gözlənilən idi. Qeyd edim ki, sadəcə bizim ölkədə deyil, bütün dünyada da bu addımlar atılmaqdadır. Düşünürəm ki, atılan bu addımlar gələcəkdə xəstəliyin yenidən yayılmasına hər hansı mənfi təsiri olmayacaq. Koronavirusun hər hansı bir yeni mutasiyası olmadığı müddətdə belə bir durum stabil hesab olunur. Atılan addımları da müsbət qarşılayırıq. Gələcəkdə karantin rejiminin yenidən sərtləşdirilməsi və ya yüngülləşdirilməsi ümumi ölkədəki epidemioloji vəziyyətdən birbaşa asılı olacaq”.
Aynurə Demokrat.az


