Martın 5-də Donetsk vilayətində Mariupol və Volnovaxa şəhərlərinə humanitar dəhlizlər təşkil olunacaq. Şəhərlərin əhalisinin bir hissəsi təxliyyə olunacaq, həmçinin ərzaq və dərmanlar gətiriləcək.
Demokrat.az xəbər verir ki, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk humanitar dəhlizlərin necə işləyəcəyini və nə qədər insanın çıxarıla biləcəyini açıqlayıb.
Mariupol və Volnovaxaya humanitar dəhlizlər saat 9:00-dan açılacaq. Vasitəçi "Qırmızı Xaç" təşkilatı olacaq, o, həm də atəşkəsə zəmanət verir. Humanitar dəhliz keçirməyə hazır olduqlarını Rusiya Federasiyası təsdiqləyib.
Təxliyə və humanitar yüklərin Mariupola çatdırılması marşrutu: Mariupol-Nikolskoe-Rozivka-Bilmak-Pologi-Orexov-Zaporojye. Təxminən 200 min insanın çıxarılması planlaşdırılır.
Volnovaxadan humanitar dəhlizin marşrutu: Volnovaxa-Valerianovka-Novoandreevka-Kirilovka-Uqledar-Pokrovsk-Zaporojye.
Toplama məntəqələri Volnovaxa və Mariupolun mərkəzi meydanlarıdır. “Qırmızı Xaç” dəhlizlərin marşrutları üzrə hərəkət edəcək sütunlara rəhbərlik edəcək.
İrina Vereşçuk humanitar dəhlizlərin təşkilinə şərait yaradan bütün könüllülərə təşəkkür edib. O, həmçinin Rusiya qoşunlarından atəşkəs rejiminə riayət etməyi və insanların təxliyə edilməsinə icazə vermələrini xahiş edib, çünki bütün dünya bunu izləyir.
Zamiq Demokrat.az


