“Restoranlarda, kafelərdə, ictimai-iaşə obyektlərində qiymətlərin qalxmasının başlıca səbəbi mövcud idxal inflyasiyasıdır“.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert qeyd edib ki, qiymət artımının başlıca səbəb inflyasiya göstəricilərinin yuxarı səviyyədə olmasıdır:
“Buna hazırda neft gəlirlərinin ölkəyə daxil olması, əmək haqlarının qalxması da öz təsirini göstərir. Amma bu təsirlər arasında daha çox inflyasiya böyük rol oynayır. İkinci yerdə isə daşınmaz əmlakın qiymətinin qalxmasıdır. Çünki bu sahədə qiymətlərin qalxması icarə haqlarını da baha edir. Buna görə də, avtomatik olaraq restoranlarda, kafelərdə icarə haqları qalxır. Eyni zamanda orada işləyən işçilərin əmək haqlarının heç olmasa nisbi anlamda da olsa qaldırılması qiymətlərə təsir göstərir. Digər məsələ isə istər-istəməz restoranlar, kafelər bir-birilə rəqabətə girirlər ki, bu da xidmət sahəsini artırır. Bu da nəticədə restoranlarda, kafelərdə qiymətlərinin artmasına gətirib çıxarır“.
Ekspert pandemiyadan sonra bu sahədə aktivliyin yarandığını diqqətə çatdırdı: “Pandemiya səbəbindən son 3 il ərzində iaşə obyektlərinin bağlı olması, yaxud da tədricən açılmasından sonra, hazırda bu sahədə bir növ aktivlik yaranıb. Demək olar ki, kafelər, restoranlar müştərilərlə zəngindir. Müştərilərlə zəngin olması da qiymət artımına təsir edən digər bir faktordur“.
Nəzrin Hüseynli Demokrat.az


