Gündəm

Sahib Alıyev: “İnanmıram ki, Ermənistan bundan sonra mina xəritələrinin verilməsi ilə bağlı müsbət addımlar atsın“

Sahib Alıyev: “İnanmıram ki, Ermənistan bundan sonra mina xəritələrinin verilməsi ilə bağlı müsbət addımlar atsın“

Sirr deyil ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan ərazisində çoxlu sayda minalar basdırıb. Çox təəssüf ki, həmin minaların əsas hədəfi mülki əhalidir. Beynəlxalq humanitar hüquqa əsasən Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Ermənistan həmçinin beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Minalar Azrbaycan əhalisinə qarşı qırğındır və işğaldan azad edilmiş ərazilərin bərpasını ləngidir. Minaların xəritəsinin Ermənistan tərəfindən təqdim edilməməsi eyni zamanda regionda sülh və etimadın yaradılmasının qarşısını alır. Bəs, yaxın günlərdə Ermənistan tərəfi Azərbaycana mina xəritələrini təqdim edə bilərmi?

Suallımızı cavablandıran Milli Məclisin deputatı Sahib Alıyev Demokrat.az-a açıqlamasında bildirib ki, düşmən tərəfindən bu yöndə hansısa müsbət addımların atılacağı görünmür. Deputat Ermənistan tərəfindən hələlik önəmli bir mövqe dəyişikliyinin olmadığını qeyd etdi: “Qarşı tərəfin xislətini, eyni zamanda minalanmış ərazilərlə bağlı onlardakı bütün xəritələrin verildiyini demələrini nəzərə alsaq, fikirləşmirəm ki, onlar bundan sonra bu yöndə hansısa müsbət addımlar atsınlar”.

Paşinyanın sülhlə bağlı çıxış etdiyini qeyd edən millət vəkili bildirdi ki, buna hazır olduqlarını dilə gətirmələri yaxşıdır: “Amma söz başqa, əməl başqadır. İlk növbədə əməldə bu istiqamətdə vacib olan mühüm addımlar atılmalıdır. Bu gün atılmalı olan ən mühüm addımlardan biri Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinin oradan çıxarılmasıdır. Yəni sülh anlaşmasına gedən yol rəsmi İrəvanın Qarabağı Azərbaycan torpağı olduğunu açıq şəkildə dilə gətirməsindən keçir. Burada da biz hələlik önəmli bir mövqe dəyişikliyi görmürük. Nəzərə alaq ki, bu qəbildən olan addımların atılmasında beynəlxalq subyektdən daha çox obyekt rolunu oynayan Ermənistan elə də sərbəst deyil. Bu, ancaq onun vassal asılılığında olduğu güclərin və gələcəkdə onlardan geosiyasi alət kimi faydalanmağı düşünənlərin təsiri nəticəsində baş verə bilər. Hesab edirəm ki, daha çox həmin güclərin bu məsələdə tutduqları mövqe həlledici rol oynayacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az