Hadisə

Gəncədə koronavirus infeksiyası yayan qadın böyük məbləğdə cərimə olundu — Hökm

Gəncədə koronavirus infeksiyası yayan qadın böyük məbləğdə cərimə olundu — Hökm

Gəncə şəhərində koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan 1985-ci il təvəllüdlü Jalənin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Jalənin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Jalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gəncə şəhəri, Ə.Məmmədov küçəsində qeydiyyatdadır, lakin Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır: “2021-ci ilin yanvarın təxminən 7-də və 8-də bədənimdə halsızlıq, istilik olduğundan Gəncə şəhər 6 saylı poliklinikada “Covid-19” virusu ilə bağlı test verdim. Yanvarın 10-da, saat 18.50-də istifadəmdə olan mobil nömrəmə analiz nəticəsinin pozitiv çıxması, yəni '"COVİD-19" virusuna yoluxmağım ilə bağlı mesaj gəldi. Həmin gün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən adını bilmədiyim həkim mənə zəng edərək səhhətimi soruşdu. Mən isə səhhətimin yaxşı olmadığını bildirdim. Ona görə adını bilmədiyim sahə həkimi mənə dərmanlar verdi. Lakin həmin dərmanları içmədim. Ondan sonra yenə sahə həkimi Xoraman həkim zəng etdi, səhhətim ilə maraqlandı. Mən isə ağrıdığım üçün evdə qaldım. Eyni zamanda həkimlər gələrək evimi də dezinfeksiya elədilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 13-də, səhər saatlarında özünü pis hiss etdiyi üçün yoxlanmaq məqsədi ilə günorta saatlarında Abbas Səhhət xəstəxanasına gediblər: “Orada Əli həkimlə görüşdüm. Əli həkimə Covid 19 virusuna yoluxduğumu dedim. Əli həkim isə niyə təcilli yardım maşını ilə gəlmədiyini, belə piyada gəldiyini dedi. Mən isə təcili tibbi yardım maşını ilə gəlməli olduğumu bilmədiyini dedim. Əli həkim isə dedi ki, müalicə olunmağım üçün xüsusi xəstəxanada yatmalayam. Qorxduğum üçün Əli həkimə bildirdim ki, gedib əşyalarımı götürüb, gələcəm. Oradan çıxdım, 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına getdim və orada ağ ciyərlərimi rentgen elətdirdim. Lakin rentgen cavabında ciyərimdə heç nə aşkar edilmədi. Sonra oradan çıxdım və Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən dəqiq yeri yadımda qalmayan aptekdən öskürək dərmanı aldım. Sonra oradan çıxdım, Poçt qəsəbəsinə getdim və orada yerləşən “Tural” şadlıq sarayının yanında olan aptekdən isə “ampisilin” dərmanı aldım. Həmin vaxt aptekdən çıxanda polis əməkdaşı mənə zəng etdi, niyə yaşadığım evi tərk etdiyimi soruşdu. Mən isə müayinə olunmaq üçün həkimə getdiyimi və dərman almaq üçün aptekə gəldiyimi, hazırda isə yaşadığım evə getdiyimi bildirdim. Sonra yaşadığım evə getdim”.

Jalənin ifadəsinə görə, bir neçə dəqiqədən sonra polis əməkdaşları onun yaşadığı ünvana gəliblər: “Mənimlə şifahi söhbət apardılar, video çəkiliş etdilər və evdən bir daha çıxmamağımı dedilər. Mən də həmin tələblərə riayət edəcəyimi söylədim”.

Bu cinayət işinə Gəncənin Kəpəz rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Jalə 2500 manat cərimə olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az