“Bu gün Ukraynada nə qədər sivil insanlar, dinc əhali qətlə yetirilir. Çox təəssüf ki, islam alimləri dediyimiz insanlar çıxıb heç bir söz demirlər. Ən böyük təəssüfedici hal odur ki, sanki bu, müsəlmanlar arasında olarsa, çıxıb nəsə deməlidirlər. Halbuki, “islam” özü sülh, əmin-amanlıq, barış dinidir. Müsəlmanlar da həmin sülhü, əmin-amanlığı bərqərar edən insanlardır və bunun üçün vasitəçilik etməlidirlər”.
Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. İlahiyyatçı bildirib ki, biz indiyə qədər hansısa din xadiminin yaltaqlıq etmədiyini, hansısa haqsızlığa qarşı etiraz etdiyini, haqqın yanında dayandığını görməmişik:
“Əksəriyyət etibarı ilə gördüyümüz din xadimləri QMİ nə deyirsə, ona uyğun olaraq hərəkət edən insanlardır. Bir vaxtlar azanın qadağan edilməsi ilə bağlı mövzu gündəmə gəldikdə onlar rahatlıqla açıqlamlar verirdilər ki, “bu qərar yaşlı insanların narahat olmaması, uşaqların yuxudan oyanmaması üçündür”. Bu cür insanların sözü bizə qəribə gəlməməlidir. Bu insanlarda din xadimi anlayışı yoxdur. Bu insanlar Quran oxusalar, görərlər ki, bir insanın başqa bir insanı öldürməsi bütün bəşəriyyəti öldürmək kimidir. Bu gün işğalçılıq siyasətini yeridən insana, quruma, dövlətə necə haqq qazandıra bilərsiniz? Bunlara haqq qazandırmaq Ermənistana haqq qazandırmaq kimi bir şeydir”.
Elşad Miri diqqətə çatdırdı ki, çox təəssüf ki, dünyada qütbləşmənin şahidi oluruq: “Ötən gün Ukrayna prezidenti Zelenski həm Türkiyə, həm Azərbaycan prezidentlərinə təşəkkür etdi və vasitəçilik missiyasını həyata keçirtmək cəhdlərə görə də sağol dedi. Görünür ki, həqiqətən də iki müsəlman lider bu məsələdə canfəşanlıq edir. Ancaq digərlərinə baxdığımız zaman qütbləşmənin şahidi oluruq. ABŞ və Avropa ölkələri Ukraynaya silah-sursat dəstəyi verməklə, sülh və əmin-amanlıq məsələsini deyil, sanki bir növ qızışdırıcı missiyanı həyata keçirirlər. Quranda deyilir ki, sizi yerinizdən, yurdunuzdan çıxaranlar və onlarla dostluq edənlərlə savaşılmalıdır. Müharibəyə ancaq bu şəkildə icazə verilib. Bu gün Ukraynada baş verən hadisələrdə isə görürük ki, adamlar oturduqları yerdə müxtəlif bəhanələrlə Rusiya onların ölkəsini işğal edir. Müsəlman alimləri rahatlıqla ayağa qalxaraq deməlidirlər ki, islam dinində konkret olaraq deyilir ki, əgər sən hücuma məruz qalırsansa, döyüşməyə icazə verilməlidir. Bundan başqa, sülhü pozursansa, Quran ayələrində bunu görürük onların döyüşməyinə, savaşmağına icazə verilir. Bu gün Ukrayna hər nə qədər müsəlman olmasa belə, insan qardaşlarımızdır. Biz onlara görə yardımlarımızı, əlimizdən gələn hər bir şeyi etməliyik. Bütün dünyada yaşayan inasanlar rahat yaşamaq, azad fikirli olmaq, söz azadlığının boğulmamasını istəyirlər. Sadəcə mən bu məsələdə səsi çıxarmayanlara təəssüflənirəm”.
“Amma məsələyə başqa bir prizmadan da yanaşmaq lazımdır. ABŞ özü müsəlman ölkələrinə girəndə çox insanın səsi çıxdı. Həmin dövrdə koalisiya var idi və həmin koalisiya nəticəsində o insanlar İraqa daxil oldular. Ora nüvə silahı adı altında girmişdilər, bunun da yanlış olduğunu sonradan özləri etiraf etdilər. Ancaq faktiki olaraq orada xaos yaratdılar. Bunun nəticəsində 1 milyondan çox insan orada qətlə yetirildi, həlak oldu. Amma buna qarşı çıxan, etiraz edən oldumu? Yaxud da məsələnin digər tərəfinə baxaq. Ədalətdən uzaqlaşmamaq bizim üçün əsas şüar olmalıdır. Bu gün bəzi Qərb ölkələri ayrı-seçkilik salaraq, Ukraynada olan qaçqınlara öz qapılarınıa açdıqlarını bildirirlər. Amma Əfqanıstanan, Suriyadan, Liviyadan, İraqdan olan qaçqınlara qarşı isə biz diskriminasiyanın şahidi olurduq. Bu nə dərəcədə doğrudur? Bu insanlıqdırmı? Bu irqi ayrı-seçkilik deyilmi? Yaxud da dini ayrı seçkilik deyilmi? Ona görə də, məsələyə tək tərəfli yox, çoxtərəfli baxıb, fikir söyləmək lazımdır”.
Aynurə Pənahqızı Demokrat.az


