“Düşünmürəm ki, Rusiya nəyisə əldə etməmiş öz niyyətindən çəkilsin. Çünki Rusiyanın geriyə yolu yoxdur. Əgər Rusiya Ukrayna məsələsində qarşıda qoyulan hədəflərə nail ola bilməsə, yaxud uduzsa, demək olar ki, onun dünyada nüfuzu heçə enəcək və gələcəkdə heç bir siyasi məqsədlərinə çata bilməyəcək. Ona görə də, nüvə silahının hazır vəziyyətə və istifadəsinin dilə gətirilməsi Rusiyanın bu məsələdə artıq çox ciddi olacağını və sona qədər bütün imkanlardan istifadə edəcəyindən xəbər verir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib.
Hərbi ekspert hesab edir ki, bu həftə ərzində olan nəticələr və döyüşlər onu göstərir ki, Rusiya əsas qüvvələri hələ döyüşə salmayıb: “Adətən, müharibələrin ilkin zamanları daha çox kəşfiyyat xarakteri daşıyır, yəni olacaq müqaviməti analiz etmək üçündür və ondan sonra əsas mexanizmlər həyata keçirilir. Düşünürəm ki, Rusiya bundan sonra əsas qüvvələrini döyüşə salacaq və əsas hədəflərinə doğru gedəcək. Təəssüflər olsun ki, bu məsələ bizim dost Ukrayna ölkəsində baş verir və Rusiya da bizim strateji partnyorumuzdur, hətta mütəffiqlik haqqında razılaşmamız da var. Bu müharibə Ukrayna ərazisində getsə də, Ukrayna maraqlarına heç də uyğun deyil. Bunun da nəticəsini və ağırlığını istər maliyyə, istər insan itkisi, istər iqtisadi, istərsə də siyasi cəhətdən Ukrayna xalqı öz üzərində illərlə hiss edəcək. Təbii ki, bütün müharibələr danışıqlarla qurtarır və düşünürəm ki, Rusiya Qərb və NATO, ABŞ başda olmaqla, müəyyən razılaşma əldə edəcək. Bunun da ağırlığı Ukrayna üzərində hiss olunacaq”.
Ş. Ramaldanov hesab edir ki, Qərb dövlətlərinin maliyyə və silah-sursat dəstəyi Ukraynanı hərbi potensialını və müqavimət imkanlarını genişləndirir:
“Belə bir deyim var: müharibə nədir? Cavabı isə pul, pul yenə də pul deyərək cavab verilir. NATO ölkələri, başda ABŞ olmaqla Qərb ölkələri məhz bu cəhətdən tam şəkildə Ukraynanı dəstəklədi, əsasən də maliyyə və silah cəhətdən istənilən yardımı etdilər. Ancaq prinsipcə Rusiyanın demək olar ki, silahlı qüvvələrinin hərbi parkı yenilənib və orada istifadə olunan silahlar da bu gün yetərli qədər istifadə oluna biləcək silahlardır. Ukraynanın da demək olar ki, silahları Rusiya silahları ilə keyfiyyətcə təxminən eyni vəziyyətdədir. O ki, qaldı digər səbəblərə. Digər səbəblər də ondan ibarətdir ki, orada olan yol infrastrukturu və relyefi ərazi baxımındann texnika üçün çox da əlverişli hava şəraitinə uyğun deyil. Biz görürük ki, palçığın içində texnikanın istifadəsi də məhdudlaşır. Digər tərəfdən Ukrayna bilirdi ki, Rusiya gec-tez təcavüz edəcək. Biz NATO-nun orada olan mütəxəssisləri ilə birlikdə müəyyən bir müdafiə tədbirlərin görüldüyünü və hazırda idarəetmənin də dayanıqlığının düzgün qurulmasını görürük. Əlbəttə ki, burada məhz xalq və iqtidarın birliyini, ordunun tam şəkildə xalq tərəfindən dəstəkləndiyinin şahidi oluruq. Bu da əlbəttə ki, mübarizəni daha da dayanıqlı və nəticəli edən faktorlardır”.
“Siyasi arenada Qərb və NATO ölkələri məhz Rusiyaya qarşı mütəşəkkil şəkildə müqavimət göstərirlər. İstər sanksiya formasında, istər siyasi təzyiq və s. Ancaq əvvəlcədən Ukraynaya verdikləri vədlərini tam şəkildə yerinə yetirmirlər və heç də səmimi deyillər. Düzdür, silah-sursat göndərsələr də, hələ o demək deyil ki, onlar Ukrayna uğrunda döyüşlərə qatılırlar. Ona görə də, burada daha çox iki slavyan ölkənin biri-biri ilə müharibəsini və burada sadəcə Qərbin, ABŞ-ın, NATO-nun müşahidəsini görürük. Düşünürəm ki, Rusiya ilə Qərb və NATO-nun toqquşduğu yer məhz Ukraynadır. Ona görə də, sadə dillə desək, hər şey Ukrayna xalqının başında çatlayır. Hərbi cəhətdən baxanda görünür ki, Rusiya hələ məhdud kontingentdən istifadə edir. Hesab edirəm ki, Rusiya hələ əsas qüvvələrini döyüşə salmayıb. Mənə elə gəlir ki, məhdud qüvvələrlə Rusiya birinci həftənin həm siyasi arenada, həm hərbi meydanda, həm də informasiya sahəsində olan vəziyyəti təhlil edir. Hesab edirəm ki, Rusiyanın əlavə qüvvələrin ora yeridilməsindən sonra biz müharibənin tam nəticəsini görəcəyik”- deyə hərbi ekspert əlavə edib.
Aynurə Pənahqızı Demokrat.az


