“Ukraynada müharibə, şəhərlərin bombalanması, mülki insanların öldürülməsindən sonra Putinin imicini düzəldə bilməsi mümkün deyil. Təbii ki, bu, Rusiya rəhbərliyinin istəmədiyi, həm də hesablaya bilmədiyi məsələ idi. Bunu düzəltmək üçün hətta müharibəni indi dayandırsa, Ukrayna torpaqlarından tamamilə çıxsa belə mümkün deyil”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik qeyd edib ki, Putin üçün imicinin korlanması o qədər də vacib məsələ deyil:
“Artıq ox yaydan çıxıb və Rusiyanın geri çəkiləcəyi ehtimalı azdır, hətta başqa bölgələrdə də yeni müharibələrin meydana gəlməsi mümkündür. Rusiya üçün bu prosesdə üstünlük əldə edə biləcəyi məsələ Ukraynanın bundan sonrakı taleyidir. Əgər müharibə Ukraynanın parçalanması ilə nəticələnəcəksə və Qərb Rusiya ilə danışıqlara gedəcəksə, Putinin əleyhinə olan ictimai rəy Qərbin də əleyhinə yönələ bilər. Yəni tək günahkar Putin yox, Qərb də ola bilər”.
Aynurə Pənahqızı Demokrat.az


