Gündəm

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

O, Xocalı dəhşətini bütün iliklərinə qədər yaşamış bir insandır. 1992-ci ildə Xocalı qətliamında – ermənilərin əsir götürdüyü yüzlərlə qız-gəlin arasında 20 yaşlı Dürdanə Ağayeva da vardı. Düz 8 gün həyatının cəhənnəmini yaşayır. Və hər an Allahdan ölüm diləyir, amma… Onun qismətində yaşamaq vardı: sağ qalıb, erməni vəhşiliyini dünyaya car çəkmək üçün...

Demokrat.az saytının müsahibi “Erməni zindanında 8 gün” kitabının müəllifi Dürdanə Ağayevadır.

– Dürdanə xanım, hər il Xocalı soyqırımının ildönümü ərəfəsində hansı hissləri yaşayırsınız?

– Hər il fevralın 25-indən 26-na keçən gecə demək olar ki, havalanıram. Həmin tarixi gözümün önündə canlandırıram. İnanın ki, 1992-ci illərdə nələri yaşamışıqsa hər dəfə eyni hissləri keçirirəm. Çox dəhşətli duyğudur (kövrəlir).

– Həmin gecə nələr yaşadınız?

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

– Xocalıya hücum olunan gün biz meşəyə üz tutduq. Buz kimi havada qarı yara-yara Ağdam istiqamətinə qaçırdıq. Qara Qayanın üstündə əsir düşdük. Erməni dığaları birdən qarşımızı kəsib, bizi atəşə tutdular. Mən ayağımdan güllə yarası aldım. Anamı və qardaşlarımı orada itirdim. Sürünə-sürünə gəlib çıxdım xəndək kimi bir yerə. Uzandım ora, yanımda hamilə gəlin vardı əri ilə… 19 yaşı olardı, yazığı başından vurub öldürdülər. Təsəvvür edin, biz sürünə-sürünə gedirdik, ermənilər qarşımızı kəsib dedilər ki, “qalxın ayağa, sizi öldürməyəcəyik”. Onlar Azərbaycan dilində təmiz danışırdılar. Mən də qardaşım Elşaddan tutub gedirdim, yanımızda Valeh, bir də Qanboy adlı bir oğlan və onun 5 yaşlı uşağı idi. Bizi 3 kilometr piyada apardılar. Palçığa bata-bata, yıxıla-yıxıla gəlib çatdıq Əskəran rayonuna. Hamımızı üzüqoylu asfaltın üstünə uzatdılar. Özü də bizi elə yerə apardılar ki, bütün hərbçilərin, döyüşçülərin, yığışdığı yer idi. Əvvəl elə bildim ki, qadınlardan təkcə mənəm əsirlikdə. Orada çox sayda qız- gəlinlərimizi gördük də dəhşətə gəldim.Təxminən 50 nəfərə qədər uşaq-qadın, bir 70 nəfər də qoca-cavan vardı. Hamını bir otağa yığmışdılar. Bu hələ təkcə Əsgəran polisinin zirzəmisində idi. Hələ kəndləri demirəm. Xocalıda mindən çox adam əsir düşmüşdü.

- Əsirlikdə nələrin şahidi oldunuz?

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

Əsirlikdə olan azərbaycanlılara misli görünməmiş zülmlər edilirdi. Əsirlərin başları onların ailə üzvləri və digər əsirlərin gözləri qarşısında kəsilirdi. Biz meşədə olarkən bir ana ilə onun körpə uşağı gözlərim qarşısında qətlə yetirildi. Ana övladını qorumaq üçün onu bərk qucaqlamışdı. Açılan atəş nəticəsində ana öldürüldü. Onun övladı isə qorxu və fəryad içində ağlayarkən erməni hərbçiləri uşağı da qəddarcasına qətlə yetirdilər. Beləcə ana ilə övladının qanı bir-birinə qarışdı. Çox dəhşətli mənzərə idi. Heç birini unuda bilmirəm. Mənim üçün danışmaq çox ağırdır, bununla belə, həmişə deyirəm ki, bu hadisəni biz danışmalıyıq, yaymalıyıq. Çünki onların vəhşiliklərini biz görmüşük, şahidi olmuşuq. Siz gənclərimizdən də xahişim odur ki, daim bunları işıqlandırasınız. Unutmayasınız onların vəhşiliklərini.

- Sizə hansı acıları yaşadırdılar?

Rabitəçi olduğuma görə məni durmadan döyürdülər, əllərimi aça bilmirdim, o qədər vurmuşdular ki əllərimə... düz iki gün ölü kimi qalmışam. Həmin vaxt saçımdan tutub sürüdükləri yadımdadır, sonra necə döyüblərsə, bir də ayılmışam ki, dizə qədər palçıq olan tualetdəyəm. Qapıda duran mühafizəçi dedi ki, iki gündür ki, buradasan, elə biliblər ölmüsən, ona görə atıblar bura. Allaha qurban olum, Allah yenidən nəfəs verib mənə, elə bilirəm ki, ikinci həyatımı yaşayıram. Onlar qadın-uşaq bilmirdilər. Özü də yerli ermənilər gəlmə ermənilərdən qorxurdular. Ona görə daha çox canfəşanlıq edirdilər ki, özlərini gəlmələrin gözünə soxsunlar.

– Qardaşınız sizin işgəncələrə necə dözürdü?

– Biz əsir götürüləndə qadınları kişilərdən ayırdılar. Həmin gün mən əlimi Elşaddan üzdüm. Səkkiz gün əsirlikdə qaldım. Elşadla ancaq buraxılan gün gördüm. Orda Vitaliy Balasanyan var idi. O, Allahverdi Bağırovla əsirlərin dəyişdirilməsində əlaqə yaratmışdı və rəhbərlik edirdi. Deməli, getməmişdən bir gün qabaq Vitaliy məni yanına çağırıb, məktub yazdırdı, dedi ki, “buraxacam səni”. Mən də dedim ki, “qardaşım Elşadı da buraxın, çünki ondan başqa heç kimim qalmayıb, bütün ailəm qırılıb. Heç olmasa mənə Elşadımı verin”. O da qayıtdı ki, “əgər öldürməyiblərsə baxaram”. Nəsə, Vitaliy Elşadı gətirdi. Mən demişdim axı “Elşadsız getməyəcəm. Məni öldürün, ancaq onu buraxın”. Elşad məndən bir yaş kiçikdir, onu özümdən də çox istəyirəm. Elşadı gətirəndə üzü-gözü yaman gündə idi. Onu görən kimi diz üstə çökdüm, yanaqlarından öpdüm. Ermənilərdən biri böyrümdən təpik vurub məni yıxdı yerə və söyməyə başladı. Ona şükür edirəm ki, Elşadın gözü önündə məni alçaltmadılar. Bu günün özündə də o günləri xatırlayanda ona sevinirəm.

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

– Sizi Elşadın gözü önündə alçaltmasalar da, səkkiz gün ərzində çox işgəncələr verdilər…

– Bəli… Yeddi gün idi döyülürdüm, əlimi başıma vura bilmirdim. Amma bir biclikləri vardı, üzümə vurmurdular. Hələ bunu da deyim ki, şərəfsiz Melkonyan adlı erməni var idi, həmişə içkili olurdu, it iyi verirdi. Gəlib mənə deyirdi ki, “böyrəyini çıxaracam, səni şikəst edəcəm”. Sonradan öyrəndim ki, hətta narkotik də çəkirmiş. Cavan qız idim, başıma min oyun açdılar, danışılası deyil. Bizim elə ürəkli oğlanlarımız var idi ki… Karo adlı erməni Faiq Əliməmmədov adlı igidimizə dedi ki, “de ki, Qarabağ Ermənistanındır”. O da diz çöküb torpağı öpdü və ayağa qalxıb "bura Azərbaycan torpağıdır. Qarabağ Azərbaycanın olub, olacaq da. Xocalını indi alsanız da, biz ora qayıdacağıq" sözlərini deyib erməninin üzünə tüpürdü. Onun bədənini deşik-deşik etdilər, meyitini də atdılar həyətdəki yeşiyə. Bir dəfə məni böyük bir otağa aparıb oturtdular, bir erməni də başımın üstündə dayandı. Qapı açıldı, içəri 5-6 nəfər bizimkilərdən saldılar. Təsəvvür edin, onları mənim gözümün qabağında necə döydülərsə, əlimi üzümə tutub ağlayıram, əlimə dubinka ilə vururlar ki, bax. Gözümü yumuram, başıma vurur ki, aç gözlərini. Mənə verdikləri işgəncələri onlara, onlarınkını isə mənə göstərirdilər. Dəhşətli anlar idi.

- Əsirlikdə olan vətəndaşlarımız barədə nələr danışa bilərsiniz?

Əsirlikdən qurtulub Ağdama gələndə, bir ana qaçdı üstümə ki, mənim balamı gördünüzmü? Mən onun uşağını görmüşdüm, erməni qəbrinin üstündə başını kəsmişdilər. 12 yaşı vardı. Bunu anasına necə demək olar? İndinin özündə də o ananı görəndə vicdan əzabı çəkirəm. Axı, iki oğlun, bir atanın başının kəsilməsini ailəsinə necə demək olar, bu çox ağırdır.

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

– Elşadla əsirlikdən çıxanda sizi kimlər qarşıladı?

– Bütün qız-gəlinlər dəyişdirilmişdi, bir mən qalmışdım şərəfsizlərin əlində. Bizi Ağdamın Qarağacı qəbiristanlığında iki kiçik qardaşlarım Elman və Eldəniz, bir də atamın qohumları qarşıladı. Birinci anamı soruşdum, çünki əsirlikdə onun ölüm xəbərini almışdım. Gəldim nənəmdən soruşdum, dedi “yox, ölməyib, anan yaralanıb, hospitaldadır”. Ona da inanmadım. Gecəni birtəhər yola verdim. O qədər həyəcanlı idim ki, quş kimi çırpınırdım. Səhər elə bilirdim ki, bizi aldadırlar, qəbiristanlığa aparacaqlar. Ancaq anamı görəndə sakitləşdim. O, bizi görəndə tanımadı. Çünki vəziyyəti çox ağır idi.

– Sağ qalmağınız həqiqətən də möcüzə olub.

– Allah bizi anamın kimsəsizliyinə bağışladı.

- Sizi heç olmasa yedizdirirdilər?

- Əlbəttə yox. Bəzən yalnız su verilirdi. Mən kamerada, bir küncdə tək oturmuşdum, kişilərdən ayrı idim. Kamerada olan kiçik pəncərə sınmışdı, ona görə də çox soyuq idi, içəridə daim qarlı külək əsirdi. Açıq qırmızı paltarda, ağ yaş pencəkdə soyuq betonun üstündə ayaqyalın, ayağım yaralı oturmuşdum.

Elə bil ki, kameraya girən hər kəs məni döyürdü. Bir dəfə yanıma bir qadın gəldi, başdan-ayağa qara geyinmişdi. Dəmir zəncirlə məni döyməyə başladı. Hansısa anda huşumu itirdim. İnanın ölmək istəyirdim, daha bu ağrıya, aclığa, soyuğa dözə bilmirdim, elə bildim ürəyim dayanır... Hiss etdim ki, nəbzimi yoxladılar, onun vurmadığını hesab edəndə isə məni çılpaq soyundurub küçəyə, düz zibil qutusuna atdılar.

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

- Qarabağa köçüb orada məskunlaşmaq istərdinizmi?

- Yalnız Qarabağda bir dənə də olsun erməni qalmayacağı təqdirdə. Başa düşürsünüzmü ki, yaşadığım bütün bu zorakılıqları unutmaq mümkün deyil. Xocalı sanki yer üzündən silinib. Əgər mən sadəcə məcburi qaçqın olsaydım, o zaman bu insanlarla münasibət yaratmaqdan danışa bilərdim. Amma doğma evimi yandırandan, əzizlərimi öldürəndən, əsirlikdə məni və qardaşıma verilən işgəncələrdən sonra bu mümkün deyil. Məgər bunları unutmaq olarmı?!

- Sizdə Xocalıya, gəncliyinizə dair heç foto qalıbmı?

“Böyrəyini çıxaracam, səni şikəst edəcəm” deyirdilər — Xocalı şahidindən dəhşətli ETİRAFLAR

- Həmin dövrdən məndə foto qalmayıb. Özümüzü gətirib çıxara bilmədik, qaldı ki foto. Bircə o vaxtı toyda çəkdirdiyim foto var.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az