“Ər arvadını qəddarlıqla öldürdü”, “Oğul atasını vəhşicəsinə qətlə yetirdi”, “Gənc oğlan əmisi oğlunu bıçaqladı” və s. başlıqlı xəbərlərə, bəlkə də hər gün rast gəlirik. Belə ailədaxili cinayətlərdə uşaqlara qarşı zorakılıq və qətl hadisələri də yer alır.
Sirr deyil ki, Azərbaycan ailəsi hər zaman müqəddəs sayılıb. Ailə insanın xoşbəxtliyi, həyatının mənası anlamına gəldiyi halda, bəs ailə üzvlərinin bir-birinə qarşı vəhşiliklərinin səbəbi nədir?
Məsələyə tanınmış sosioloq Əhməd Qəşəmoğlu aydınlıq gətirib. Sosioloq Demokrat.az-a açıqlamasında bildirib ki, burada iki məsələ var:

“Birincisi, dünyada gedən proseslər Azərbaycana da təsir edir, Azərbaycanda da cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. Bu mürəkkəbləşən, həssaslaşan cəmiyyətdə təbii ki, belə halların yaranması üçün şərait formalaşır. Amma hər şeyi baş verən qlobal proseslərin üstünə qoymaq doğöru deyil. Cəmiyyətimiz mürəkkəbləşirsə, biz özümüz lazımi addımlar atmalıyıq. Bununla bağlı işlər görülməlidir. Ancaq çox təəssüf ki, həmin işlər lazımi şəkildə görülmür. O işlər nədir? Min illərdir ki, bizim ən müdrik insanlarımız, peyğəmbərlərimiz, dini kitablarımız bizə deyir ki, çalışın istənilən cəmiyyətdə istər ailədə, istərsə də iş yerində mənəvi dəyərlər öndə olsun. Mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir. Gözünüzün qabağına bir ailə gətirin. O ailədə ancaq mənəvi dəyərlər daha üstün olsa, o ailə də çətinlik olanda da insanlar bir-birinə yardım edir, ahəngdar münasibətlər yaranır. Amma bir qədər mənəvi dəyərlər arxa plana keçsə, öndə daha maddi dəyərlər, özünü nümayiş etdirməklə bağlı dəyərlər qabağa keçsə, onda həmin ailədə iki-üç aydan sonra böyük gərginlik yaranacaq. İndi bizdə bu baş vermir. Biz də get-gedə ailədə mənəvi dəyərlər artıq mühüm rol oynamır, mənəvi dəyərlər sıxışdırılır. Bu da təkcə cəmiyyətin, adamın günahı deyil. Burada uyğun qurumlar da iş görməlidir, fəaliyyət göstərməlidir”.
Sosioloqun sözlərinə görə, ölkədə sosial siyasətdə, humanitar siyasətdə bunlar nəzərə alınmalıdır: “Və o biri tərəfdən ən ciddi məsələlərdən biri odur ki, belə mürəkkəbləşən cəmiyyətdə hökmən və hökmən müasir elmin metodlarından istifadə etmək lazımdır. Biz bilirik ki, ailənin əbədi, əzəli dəyərləri var. Min illərdir ki, ailə nədən yaranıb? Ailənin əsas funksiyaları hansılardır? Bunlar mənim kitablarımda da öz əksini tapıb. Biz çalışmalıyıq ki, dəyişmiş cəmiyyətdə və indiki vaxtda ailənin dəyərlərini, funksiyalarını saxlamaq üçün tədbirlər görək. Ancaq bunu etmirik. Niyə etmirik? Çünki məmurlar axıra kimi başa düşmür ki, nə baş verir. Məmurların elmi təfəkkürü arzuolunan səviyyədə deyil. Onların bu sahədə təcrübələri də arzuolunana səviyyədə deyil. Mənim kimi mütəxəssislər illərdir ki, sos siqnalı çalır ki, belə davam edə bilməz. Belə davam etsə, hər il daha da biz qorxunc hadisələrlə rastlaşacağıq. Təbii ki, mənə fikir verən yoxdur. Ölkədə bir sosioloqun fikirləri qəbul olunmursa, o da yaxşı xüsusiyyət deyil. Başqa bir ölkədə mənim kimi təcrübəli sosioloq bir söz deyəndə ona ciddi reaksiya olunur. Amma bizim ölkədə mən nə deyirəm deyim, heç kimin vecinə deyil. Sadəcə olaraq, sanki yoldan keçən bir adam deyib. Baxmayaraq ki, ömrümü bu işlərə sərf etmiş adamam. Özümü reklam etmirəm, sadəcə demək istəyirəm ki, hansısa pensiyaner deyiləm, bu sahənin mütəxəssisiyəm. Məktub da, təklif də yazxıram. Təəssüf ki, nəticəsi yoxdur. Amma çox ciddi şəkildə elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalıdır. Necə ki, bölgələrimizdə biz sosial-iqtisadi inkişafla bağlı yol xəritələri hazırlayarıq, eləcə də humanitar sahələrdə də belə elmi əsaslarla hazırlanmış yol xəritələri olmalıdır. Bir neçə təcili tədbir də olar. Son 3 ildə intensiv olaraq bunu deyirəm. Mən nəyə deyirəm təcili tədbir? Necə ki, məhəllələrdə polis növbətçiləri var, onun kimi də bu məhəllələr üzrə 3 nəfərdən ibarət sosial işçi qrupu olmalıdır. O sosial işçi qrupu olsa onların evlər haqqında məlumatı olacaq, biləcək ki, hansı evdə gərginlik var, qabaqlayıcı tədbirlər görəcək. Lazım gəlsə valideynlərə müraciət edəcək, lazm gəlsə sosial müdafiə təşkilatlarına müraciət edəcəklər və bu, onun qarşısını biraz alacaq. Təcili olaraq sosial iş xidmətləri hazırlamaq lazımdır, çünki cəmiyyət xeyli mürəkkəbləşir. Artıq bunun iradəsiylə idarə etmək mümkün deyil. Daha geniş mənada elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


