Kriminal

Bakıda taksi sürücüsü qadını küçədə döydü

Bakıda taksi sürücüsü qadını küçədə döydü

Bakının Nəsimi rayonunda 1995-ci il təvəllüdlü Rəvan şəxsi münasibətlər zəminində qonşusu Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 1-də baş verib. Rəvan şəxsi münasibətlər zəminində qonşusu Ləman ilə arasında mübahisə baş verib.

Mübahisə zamanı Rəvan Ləmanın boğazından qəsdən əli ilə sıxıb, başını divara vurmaqla ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildirib. O bildirib ki, Bakı şəhəri, Nəsimi rayonunda kiyarədə qalır: “Ləman ilə eyni binada yaşayırıq. Özüm taksi fəaliyyəti ilə məşğul olduğum üçün Ləman bir neçə dəfə xidmətimdən istifadə edib. Mən də bir qonşu kimi ondan pul almamışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin noyabrın sonlarında Ləmandan telefon adaptoru alıb: “Lakin onu qaytarmağı unutmuşdum. Dekabrın 1-də yaşadığım binanın həyətində olan zaman Ləman mənə yaxınlaşdı, adaptoru qaytarmağı tələb etdi. Mən isə zarafatca onu axşam qaytaracağımı dedim, Ləman məni nalayiq ifadələrlə təhqir etdi. Buna görə aramızda mübahisə yarandı. Əsəblərimi cilovlaya bilmədim, onun boğazından əlim ilə tutaraq divara itələdim. Həmin vaxtı Ləmanın başı divara dəydi və yerə yıxılaraq ağlamağa başladı”.

Nəsimi rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb. Rəvanın barəsində olan cinayət təqibinə xitanm verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az