Gündəm

“Alimlərimizi dilənçi vəziyyətinə salan hər kəsin fəaliyyəti araşdırılmalıdır”

“Alimlərimizi dilənçi vəziyyətinə salan hər kəsin fəaliyyəti araşdırılmalıdır”

“Ramiz Mehdiyev məsələsi "məni şoka saldı" desəm, yanılmaram. Bu yaşıma qədər də çoxlu xamelyonlar görmüşdüm, ancaq bu dəfəkilər hamını kölgədə qoydular. Özü də Ramiz Mehdiyevin bu yaşında vəzifə sevdasından çox, onun hesabına vəzifə, var-dövlət sahibi olanların, ona palaz-palaz tərif deməyə, yaltaqlanmağa, ad gününə gül dəstələri göndərməyə növbə gözləyənlərin onun üzünə durmaları, onu ən ağır ifadələrlə təhqir etmələri oldu. Özü də bunların sırasında məni tanımadan Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünə xoş gəlmək üçün haqqımda olmazın təhqirini, böhtanını yağdıranlar daha fəal idilər. Belələri cəmiyyət, xüsusilə hakimiyyət üçün daha təhlükəlidirlər. Hakimiyyət nəhayət anlamalıdır ki, belələri ilə dövlət müstəqilliyinin, hakimiyyətin qorunması mümkünsüzdür”.

Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, AMEA-da yeyinti ilə bağlı son günlər başlanmış yoxlamalar hamının diqqət mərkəzində olmalıdır: “Respublika Prokurorluğu milyonlarla yeyinti olan AMEA-nın strukturları ilə bağlı cinayət işləri qaldırıb mənimsənilmiş vəsaitləri geri qaytarmalıdır. Heç kim mənə deməsin ki, AMEA-da olan yeyintilər başqa strukturlarla müqayisədə qəpik-quruşdur. Bunu mən də bilirəm. Ancaq onu da bilirəm ki, bir alimin min manat oğurlaması bir alverçinin milyonlar oğurlamasından da ağır cinayətdir. Özü də bu araşdırmalar təkcə Ramiz Mehdiyev dönəmini deyil, müstəqillik dövrümüzdə həqiqi alimlərimizin haqqını yeyib onları dilənçi vəziyyətinə salan hər kəsin fəaliyyəti araşdırılmalıdır”.

Demokrat.az

D
demokrat.az