Gündəm

“Qərb Ukraynada bataqlıq yaradıb, Rusiyanı orada batırmağa çalışacaq” — Sahib Alıyev

“Qərb Ukraynada bataqlıq yaradıb, Rusiyanı orada batırmağa çalışacaq” — Sahib Alıyev

“Rusiya ilə Ukrayna arasında artıq müharibə başlayıb”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat qeyd edib ki, ancaq bu savaş diplomatiya və informasiya savaşıdır:

“Özü də Sergey Lavrovun təbirincə desək, “ingilis-saksonlar”la Rusiya arasında gedir. Onun nəticəsində indi Moskva suqsvanq tarazılığı adlandırılan bir vəziyyətlə üz-üzədir. Ukrayna ilə sərhəddə 100 minlik qoşun toplayan Rusiyanın irəli getməsi olduqca təhlükəlidir, çünki qərb ona tez bir zamanda qələbə çalmasına heç cür imkan verməyəcək. Qərb Ukraynadan bataqlıq yaradıb Rusiyanı orada batırmağa çalışacaq və iki slavyan xalqı arasında ədavət indikindən də qat-qat kəskin olacaq”.

Deputat qeyd edib ki, geri çəkilmək Rusiya və özəlliklə də Prezident Putin üçün böyük imic itkisi deməkdir: “Açığını deyək ki, Qərbə, ilk növbədə də Birləşmiş Ştatlara birinci ssenari daha çox əl verir. On, bəlkə də yüz minlərlə ukraynalının həyatı hesabına Kremlin əl-qolunu bağlamaq şansı qazanılır. Vaşinqtonun verdiyi rəsmi açıqlamalara diqqət yetirdikdə, görürük ki, o, daha çox Rusiyanı Ukraynaya soxulmağa həvəsləndirir. Rusiya Ukraynaya qarşı savaşa başlamayacağı təqdirdə bundan qazanan yenə də Qərb olur. Çünki onda da deyiləcək ki, Qərbin basqısına tab gətirməyərək geri çəkildi. Hər halda Baydenin Putinlə görüşü, ona ardıcıl zənglər etməsi, Blinkenin Lavrovla danışıqları, Böyük Britaniyanın xarici və müdafiə nazirlərinin Moskvaya səfərləri, Fransa Prezidenti Makronun elə də böyük önəm verilməyən cəhdləri bunun üçündür. Onun üçündür ki, Rusiya geriyə addım atacağı təqdirdə bunu öz xidmətləri kimi təqdim etsinlər. Rusiyanın geriyə addım atması isə onun bir dövlət kimi imicinə zərbə vurmaqla yanaşı ölkədə narazılıqların artmasına və ən əsası da elitadaxili açıq çəkişmələrə aparıb çıxara bilər”.

Millət vəkilinin sözlərinə görə, Qərbin apardığı informasiya və diplomatiya savaşı nəticəsində Moskva çox sərt reallıqla rastlaşıb:

“İrəli getmək də təhlükəlidir, geri çəkilmək də. Düzdür, gözləmək lazım gələcək, amma nə qədər? Fikrimcə, geri çəkilmiş kimi görünməmək, sifətini qorumaq üçün indiki mərhələdə Rusiya "DNR", "LNR" adlandırılan separatçı qurumların müstəqilliklərini tanımağa üstünlük verəcək. Artıq Dumada onunla bağlı bəzi hazırlıqların görüldüyü də sezilməkdədir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az