Gündəm

Naqif Həmzəyev: “Ramiz Mehdiyevin YAP sıralarında qalıb-qalmaması müzakirə olunmalıdır”

Naqif Həmzəyev: “Ramiz Mehdiyevin YAP sıralarında qalıb-qalmaması müzakirə olunmalıdır”

“Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin son dövrlərdə ona qarşı səsləndirilən tənqid və ittihamlara cavab vermək əvəzinə, mətbuat xidməti tərəfindən yayımladığı açıqlama hər kəsi narahat edir. Onun xüsusilə də ölkədə gedən ictimai-siyasi proseslərə qiymət verməsi, Azərbaycanda keçirilmiş sonuncu və 5-ci çağırış parlament seçkilərinin obyektivliyinə kölgə salması uğurlu daxili və xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə müəyyən dərəcədə zərbə kimi dəyərləndirilməlidir. Unutmamalıyıq ki, Ramiz Mehdiyevin ortaya qoyduğu siyasi mövqe müxalifətin səsləndirdiyi fikirlərlə paralellik təşkil edir. Bu, nəticə etibarilə hakim Yeni Azərbaycan Partiyasının ideologiyası və siyasətinə ziddir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Akademiyada fəaliyyət göstərən alimlərin, elm xadimlərinin bir araya gəlməsi ilə bu özbaşına və elmdənkənar fəaliyyətə son qoyulacaq və Ramiz Mehdiyev yaxın gələcəkdə vəzifəsində istefa verəcək: “Bununla yanaşı, onun YAP sıralarında qalıb-qalmaması da müzakirə olunmalıdır. Nəticə etibarilə, Azərbaycandakı ictimai-siyasi proseslərə bu cür qiymət verilməsi YAP mövqeyinə ziddir. Bu, bütün siyasi həmfikirlərimizi, partiya üzvlərini narahat edir. Bu məsələlər YAP-ın İdarə Heyətində və Təftiş Komissiyasında ən qısa zamanda müzakirəyə çıxarılmalı, həmçinin Veteranlar Şurası da məsələyə münasibət bildirməlidir. Onu da qeyd etməliyəm ki, 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri baş tutmasaydı, 44 günlük Vətən müharibəsi zamanı həmin seçkilər baş tutmayacaqdı. Bu isə Azərbaycanda müəyyən siyasi narahatlığa səbəb ola bilərdi. Biz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu prosesi vaxtında reallaşdıra bilmişik. YAP-nın təşəbbüsü və istəyi ilə bu seçkilər baş tutub. Təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində dəfələrlə növbədənkənar parlament seçkiləri keçirilib. Sözügedən seçkinin də düzgün və şəffaf həyata keçirilməsi təmin olunub. Prezident İlham Əliyev məhz 6-cı çağırış parlamentin üzvlərinə münasibətini dəfələrlə bildirib. Biz 44 günlük Vətən müharibəsində də parlamentin aktiv fəaliyyət göstərdiyinin, parlament diplomatiyasının uğurlu fəaliyyətinin şahidi olmuşuq. Həmin uğurlu fəaliyyət bu gün də davam etdirilir. Təəssüflər olsun ki, parlamentin uğurlarını görməzdən gələn və düzgün qiymət verə bilməyən siyasi qüvvələr, xüsusilə də həmin fikirləri dəstəkləyən Ramiz Mehdiyev və onun əlaltıları, faktiki olaraq, düzgün seçim etmirlər. Onlar Azərbaycanda gedən ictimai-siyasi prosesləri gərginləşdirmək və bu gərginlik fonunda öz mövqelərini gücləndirmək istəyirlər. Lakin Azərbaycan dövləti yanlış mövqe sərgiləyən belə şəxslərin cəzasını mütləq verəcək. Bu cür lazımsız və əsası olmayan müzakirələr bizim dövlətçiliyimizə zərbədir”.

Demokrat.az

D
demokrat.az